Əczaçılıq şirkətlərinin Ozempic və Mounjaro kimi arıqlama preparatlarının istehsalına daha çox diqqət ayırması diabet xəstələrinin həyati əhəmiyyət daşıyan insulinə çıxışını çətinləşdirə bilər. Mütəxəssislər dərman sənayesindəki bu tendensiyanın gələcəkdə insulin təchizatına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.
Bugun.tv xəbər verir ki, bu barədə “The Guardian” nəşri noyabrın 10-da məlumat yayıb.
“Access to Medicine Foundation” təşkilatının rəhbəri Cey İyerin sözlərinə görə, əczaçılıq şirkətləri arıqlama preparatlarından daha yüksək gəlir əldə etdikləri üçün investisiyalarını bu sahəyə yönəltməyə üstünlük verirlər. Nəticədə insulin kimi digər vacib dərmanların istehsalı şirkətlərin diqqətindən kənarda qala bilər.
Təşkilatın hesabatında bildirilir ki, dünyada təxminən 589 milyon yetkin insan diabetdən əziyyət çəkir və onların 81 faizi aşağı və orta gəlirli ölkələrdə yaşayır. Bu ölkələrdə bir çox xəstə hətta əsas müalicə vasitəsi olan insulinə belə çətinliklə çıxış əldə edir.
Hesabatda Sanofi, Eli Lilly və Novo Nordisk şirkətlərinin insulin bazarından çəkilmə ehtimalının ciddi təchizat problemlərinə səbəb ola biləcəyi vurğulanır. Novo Nordisk artıq bəzi köhnə diabet dərmanlarının, o cümlədən insulin qələmlərinin istehsalını mərhələli şəkildə dayandırmağı planlaşdırır.
Qeyd edək ki, hazırda qlobal insulin çatışmazlığı elan edilməyib. Söhbət gələcəkdə yarana biləcək mümkün riskdən gedir.
Mənbə: The Guardian
