ABŞ-da keçirilən yeni sorğu göstərib ki, ölkə vətəndaşlarının əhəmiyyətli hissəsi İrana qarşı müharibəni dəstəkləyən siyasi namizədlərə səs verməyə daha az meyillidir. Respondentlərin fikrincə, hərbi məqsədlərdən daha çox ölkə daxilində qiymət artımının qarşısının alınmasına üstünlük verilməlidir.
Bugun.tv xəbər verir ki, “YouGov” şirkətinin keçirdiyi sorğunun nəticələrini “Al Jazeera” noyabrın 10-da dərc edib.
Sorğuda iştirak edənlərin 44 faizi İrana qarşı müharibəni dəstəkləyən namizədə səs vermək ehtimalının azaldığını bildirib. Cəmi 13 faiz belə namizədi dəstəkləməyə daha meyilli olduğunu deyib. Respondentlərin 26 faizi isə namizədin bu mövqeyinin onların seçimlərinə ciddi təsir göstərməyəcəyini bildirib.
İştirakçıların 56 faizi ABŞ hökumətinin Prezident Donald Trampın İrandakı hərbi məqsədlərinə çatmaqdan əvvəl ölkə daxilində qiymət artımının qarşısını almağa üstünlük verməli olduğunu düşünür. Əks mövqedə olanların payı 22 faizdir.
Sorğuda iştirak edənlərin 53 faizi müharibənin nə vaxt başa çatacağına dair son qərarı Konqresin verməli olduğunu bildirib. Prezidentin bu səlahiyyətə malik olmasını istəyənlər isə 29 faiz təşkil edib.
Qeyd edək ki, sorğu oktyabrın 29-dan noyabrın 2-dək ABŞ-da 1000 nəfər arasında keçirilib. Nəticələrin xəta payı 3,4 faiz təşkil edir.
Mənbə: Aljazeera
