Bu gün rəsmi olaraq Dubayda dünyanın ən böyük qida və içki sərgisi “Gulfood 2026” açılıb. Sərgi bu il iki məkanda eyni vaxtda — Dubai World Trade Centre və Expo City Dubai sahələrində keçirilir.
Gulf News xəbər verir ki, sərgidə 8 500-dən çox şirkət iştirak edir.
Təşkilatçılar bildirirlər ki, sərgi 280 000 kvadrat metr sərgi sahəsində fəaliyyət göstərir və burada təxminən 1,5 milyon məhsul nümayiş etdiriləcək. “Gulfood 2026” qlobal qida və içki sənayesi üçün mühüm ticarət platformasıdır və iştirakçılara yeni biznes əlaqələri qurmaq, ixrac-idxal razılaşmaları aparmaq və yeni məhsullarını təqdim etmək imkanı verir.
Bu il sərgi həmçinin 40%-dən çox yeni iştirakçı və bir sıra milli pavilyonlar ilə rekord səviyyədə beynəlxalq iştirak nümayiş etdirir. Expo City Dubai-dəki ixtisaslaşmış sektorlar — “World Food”, “Rice, Pulses & Grains” və digər sahələr — qlobal qida ticarətində yenilikləri əks etdirir.
Sərgi çərçivəsində biznes forumlar, startap təqdimatları, logistika və innovasiya seminarları da keçirilir. Təşkilatçılar qeyd edir ki, bu tədbir yalnız sərgi deyil, həm də qlobal qida sənayesində strateji əməkdaşlıq platformasıdır və Dubayı beynəlxalq ticarət üçün əsas mərkəzə çevirir.
Mənbə: gulfnews.com
