25 C
Baku
27 İyul 2024, 3:54
Baş xəbərİdmanMüsahibə

Asif Sayadov: ” Vinq Çun özgüvəni artırır…”

Bugun.tv Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti,  Əməkdar məşqçi Asif Sayadovla müsahibəni təqdim edir. 

-Vinq Çun döyüş sənətinin yaranmasından və Azərbaycanda artıq neçə ildir ki, fəaliyyət göstərir, bu haqda danışardınız.

-İlk olaraq onu deyim ki, Vinq Çun idman növünün yaranışı 1700-cü illərə təsadüf edilir. Onun 300-350 illik yaranma tarixi var. Müxtəlif əsrlərdə, müxtəlif ustadlar tərəfindən inkişaf etdirilib. Dövrümüzdə isə bu qədim döyüş sənəti böyük usta – filmlərdən yaxşı tanıdığmız İp Manın adı ilə bağlıdır. Onun ən yaxşı tələbələrindən biri də dünyaca məşhur döyüşçü, aktyor Brüs Li olub. Vinq Çun məhz bu insanın sayəsində əvvəlcə Amerikada, sonra bütün dünyaya yayılıb. Vinq Çun terminoloji mənası “yaxın döyüş sənəti” deməkdir. Yəni, əslində bu idman növü o dönəm yarışlar müsabiqələr üçün deyil, özünü müdafiə üçün nəzərdə tutulub. Digər döyüş növlərindən fərqi hücum və müdafiənin eyni anda olmasıdır. Bu Döyüş sənətini Azərbaycanda ilk dəfə 2008-ci ildə tanıtmışam. Hazırda Vinq Çun Respublikamızda sürətlə yayılır və sevilir. Azərbaycan Vinq Çun Federasiyası, Dünya Vinq Çun Birliyinin (WWCU) və eləcə də beynəlxalq Vinq Çun təşkilatının (IWCO) rəsmi üzvüdür.

-Federasiyanızın uğurları barəsində nə deyə bilərsiniz?

-İdman federasiyası olduğu üçün daha çox beynəlxalq və ölkəmiqyaslı yarışlara qatılırıq. Biz həm də, sosialyönümlü bir federasiya olmağa çalışırıq. Yəni, yarışlardan çox maarifləndirici rol oynamağa önəm veririk. Tutaq ki,100 nəfər idmançı bu idman növü ilə məşğul olursa, onların içindən 5 nəfər xarici ölkələrə çıxa bilmək üçün daha potensiallıdır. Qalan o 95 nəfəri demək olmaz ki, yararsızdır sadəcə istək varsa yarışa çıxa bilir, istək – həvəs yoxdursa, özü üçün öyrənmiş olur. Amma biz onlara da, özünü müdafiəetmə qabiliyyətini aşılayırıq. Yəni xanımdırsa xanım kimi, kişidirsə bir kişi kimi formalaşmasına, özgüvəninin artmasına xidmət edirik.

-Özgüvəndən danışdınız maraqlıdır, bunu federasiyanın üzvlərinə necə aşılaya bilirsiniz?

-Bu gün diqqət etsək görərik ki, istər gənclərimiz, istər müəyyən yaşda olan xanımlar və bəylər stress, depressiya, özgüvənsizlik, narahatlıq halları yaşayırlar. Amma insan bu döyüş növü ilə məşğul olduqca bəzi problemləri aradan götürə bilir. Bunun da, səbəbi özgüvənin artmasıdır. Ona görə biz federasiya olaraq çalışırıq ki, sosialyönümlü çoxsaylı tədbirlər keçirib, seminarlar təşkil edək. Hətta tibb ocaqlarında da bizim bir neçə dəfə təlimlərimiz olub. Çünki bunun bir tərəfi də tibbə söykənir.

-Deməli, Vinq Çun həm də psixoloji problemləri aradan qaldırmağa kömək edir ? 

-Yalnız psixoloji deyil. Onu da qeyd edək  ki, bu idman növünün “yapışqan əllər” adlı bir versiyası var. Bu alzaymer və parkinson kimi xəstəliklərin müalicəsində istifadə olunur. Çünki Çi-sada hər iki qolun hərəkəti var. Bilirsiniz ki, beyin 2 yarımkürədən ibarətdir. Bu hərəkətlər vasitəsilə 2 yarımkürənin ikisinin də eyni vaxtda fəaliyyətinə kömək edir. Nəticədə insanın yaddaş unutqanlığı və yaxud əsmə hərəkətlərinin (əllərin əsməsi, diqqətin yayınması) bərpasına kömək edir.

-Az öncə dediyiniz kimi xanımlar da, bununla məşğul olur. Hazırda nə qədər belə müraciət var və xanımlar çoxluq təşkil edir ya bəylər?

-Bəli, çox gözəl sualdır. Bizdə təəssüf ki, 5 il öncəyə baxsaq, valideyn həmişə gətirib oğlunu məşqlərimizə yazdırırdı. Qızlarını da, ya rəqsə, ya da gimnastikaya qoyurdular. Soruşanda da, həmişə deyirdilər ki, “qız nədir, idman nədir?”. Belə bir fikir o vaxtdan qalıb. Amma sevindirici haldır ki, artıq bizdə elə qruplar var ki, orada qızlar çoxluq təşkil edir.

-Uğurlarınız haqqında nə demək istərdiniz ?   Ümumiyyətlə yaxın gələcəkdə fəalliyyətinizdə nələr gözlənilir?

– 2008-2018-ci illərdə Vinq Çun döyüş sənəti klub olaraq fəaliyyət göstərsə də , uğurlarımız sayəsində Gənclər və İdman Nazirliyi tərəfindən 2018-ci ildən Azərbaycan Vinq Çun Federasiyası adı altında fəaliyyətimizi davam etdiririk.Bu illər ərzində bir sıra uğurlarımız olub, bir çox dünya dünya Avropa çempionatlarında iştirak etmiş, 2 dəfə beynəlxalq seminarlar keçirmişik. Hansı ki, Beynəlxalq Vinq Çun Assosiasiyasının Prezidenti, Qrandmaster Samuel Kvoku 2 dəfə Azərbaycana gətirmişik və hər gəlişində Azərbaycan Gənclər və İdman Nazirliyi ilə rəsmi görüşlər olub. 2019-cu ildə Respublika çempionatımızı keçirdik və həmin ildə Çində dünya çempionatında iştirak etdik. Ən böyük uğurlarımızdan biri də həmin dünya çempionatında 6 idmançı ilə iştirak etmişdik. Həmin yarışdan 6 qızıl , 6 gümüş medalla ölkəyə döndük.Sonra məlum səbəblərdən- pandemiya şəraiti olduğundan bir müddət fasilə versək də , yenidən 2022-ci ildə Azərbaycan çempionatını keçirdik  və qarşıda mart-iyun aylarında yenidən Avropa və Dünya çempionatları gözlənilir. Növbəti üzümüzə gələn ildən isə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı biz də bir neçə tədbirlər həyat keçirməyi planlaşdırırıq.

Oxşar xəbərlər

Əhliman Əmiraslanov: “Seçkilər demokratik və şəffaf keçdi”

Nigar Məmmədova

Dayanacaqda güllələnən şəxs dünyasını dəyişdi

Bugün TV

Rusiyada prezidentliyə namizədlərin sayı 29 nəfərə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu