Bugun.tv xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində 160 ildən artıqdır davam edən atlı fayton gəzintilərinə son qoyulması nəzərdə tutulur. Şəhər Şurası turistlər arasında populyar olan bu nəqliyyat növünü qadağan edən qanun layihəsini qəbul edib. Qadağanın 2028-ci il iyunun 1-dən qüvvəyə minməsi planlaşdırılır.
Ensonhaber nəşrinin məlumatına görə, oktyabrın 22-də keçirilən səsvermədə 40 şura üzvü qanun layihəsinin lehinə, 7 nəfər əleyhinə səs verib, 2 nəfər isə bitərəf qalıb.

Qadağaya ölümcül qəza səbəb olub
“Romanch qanunu” adlandırılan bu təşəbbüs iyun ayında Mərkəzi parkda baş vermiş faciəli hadisədən sonra yenidən gündəmə gəlib. Hindistandan gələn 18 yaşlı turist Romanch Mahajan idarəetmədən çıxan atın çəkdiyi faytondan yıxılaraq həyatını itirib. Qanun layihəsinə onun adı verilib.
Qadağanın tərəfdarları bildirirlər ki, xüsusilə turistlərin sıx olduğu Mərkəzi parkda atlı faytonlar həm insanların, həm də heyvanların təhlükəsizliyi baxımından risk yaradır.

Sürücülər üçün yeni iş imkanları nəzərdə tutulur
Qanun layihəsi yalnız fayton gəzintilərinin dayandırılmasını deyil, bu sahədə çalışanların yeni işlərə keçidinə dəstək göstərilməsini nəzərdə tutur. Şəhər rəhbərliyinin 2027-ci il ərzində peşə məsləhətləri, iş tapmaqda yardım və təlim imkanlarını əhatə edən plan hazırlaması gözlənilir.
Atların gələcəyi də diqqətdə saxlanılacaq. Fayton sahiblərinə heyvanları üçün uyğun şəraitə malik yeni yerlər tapmaqda kömək göstərilməsi planlaşdırılır.

Fayton sahibləri qərara etiraz edir
Qərar dolanışığını fayton daşımalarından təmin edən sürücü və sahibkarların narazılığına səbəb olub. Sektor nümayəndələri qadağanın onların işini və yatırımlarını təhlükə altına salacağını bildirirlər. Sürücüləri təmsil edən həmkarlar ittifaqı isə qərara qarşı hüquqi addımlar ata biləcəyini açıqlayıb.
Qadağa qüvvəyə minərsə, Nyu-Yorkun, xüsusilə də Mərkəzi parkın simvollarından sayılan ənənəvi turist fayton gəzintiləri tarixə qovuşacaq.

Mənbə: Ensonhaber
