Bugun.Tv xəbər verir ki, Avropa İttifaqının ən yüksək məhkəmə orqanının hüquq müşaviri Google şirkətinin Gemini süni intellekt çatbotunun internet nəşrlərindəki materiallardan istifadə etməsinin müəyyən hallarda müəllif hüquqlarını poza biləcəyini bildirib.
“Reuters”in məlumatına görə, hüquq müşaviri Maciej Szpunar bu rəyi Macarıstanın “Like Company” adlı internet nəşriyyat şirkətinin Google-a qarşı qaldırdığı iş çərçivəsində təqdim edib.
Müşavirin mövqeyinə əsasən, çatbot xəbər materialını nəşriyyatın saytından götürərək cavab hazırlamaq üçün istifadə edirsə və məqalənin ifadə tərzini tanınacaq şəkildə təkrarlayırsa, bu, müəllif hüquqlarının pozulması sayıla bilər. Ödənişli məzmuna və ya texniki məhdudiyyətlərə qanunsuz yollarla daxil olmaq da hüquqi problem yarada bilər.
Bununla belə, müşavir müəllif hüquqları ilə qorunan materialların süni intellekt modellərinin öyrədilməsində istifadəsinin Avropa İttifaqının mövcud mətn və məlumat təhlili istisnası çərçivəsində mümkün olduğunu qeyd edib.
Qeyd edək ki, hüquq müşavirinin rəyi yekun məhkəmə qərarı deyil. Lakin Avropa İttifaqı Məhkəməsinin hakimləri adətən bu cür rəyləri nəzərə alırlar.
Mənbə: Reuters
