Dünya

Azərbaycan Rusiyanın Bakıdakı səfirini Xarici İşlər Nazirliyinə çağırdı

Bugun.TV xəbər verir ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov son dövrlərdə Rusiya mediasında Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə yayılan təxribat xarakterli, təhqiredici, hədələyici və zorakılığa çağırış ehtiva edən materiallarla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Rusiya mediasında Azərbaycan əleyhinə yayımlanan son materiallarla bağlı ciddi narahatlıq və etiraz Rusiya tərəfinə çatdırılıb. Məsələ ilə bağlı xüsusilə 13 avqustda “YouTube” platformasında yayımlanan proqramda Azərbaycan xalqı və ölkə rəhbərliyinə qarşı səsləndirilən fikirlər diqqətə çatdırılıb.

Görüşdə həmçinin 7 avqustda “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin Rusiyanın “terrorçular və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı səsləndirilən ifadələrə diqqət çəkilib.

Bundan başqa, 9 avqustda “YouTube” platformasında və 16 avqustda “Spas” televiziya kanalında Azərbaycan rəhbərliyinə qarşı təhqiredici açıqlamaların və təxribat xarakterli fikirlərin yayımlandığı bildirilib.

Azərbaycan tərəfi vurğulayıb ki, Azərbaycan xalqına və ölkə rəhbərliyinə qarşı fiziki zorakılığa çağırışların səsləndirilməsi qəbuledilməzdir. Bildirilib ki, bu kimi fəaliyyətlərin qarşısının alınması ilə bağlı əvvəlki çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə olunmasına baxmayaraq, oxşar ritorikanın daha sərt formada davam etdirilməsi ciddi narahatlıq doğurur.

Görüş zamanı Rusiya mediasında Azərbaycan əleyhinə təxribat xarakterli, hədələyici və zorakılığa çağırış ehtiva edən ifadələrin dayandırılması üçün təcili və effektiv tədbirlərin görülməsinin gözlənildiyi səfir Mixail Yevdokimova bildirilib.

Azərbaycan Baş Prokurorluğu isə daha əvvəl Rusiyanın “Moskva 24” televiziya kanalının aparıcısı və jurnalist İvan Knyazev, siyasi məsləhətçi və media eksperti Semyon Uralov, həmçinin televiziya jurnalisti və Rusiya Nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barədə açıqlama yayıb.

Baş Prokurorluğun məlumatına görə, həmin şəxslərin “YouTube”da yayımlanan proqram zamanı Azərbaycana qarşı zorakılığın tətbiqinə, ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönəlmiş çağırışlar səsləndirdiyi müəyyən edilib.

Bu şəxslər barəsində qiyabi həbs qərarlarının qəbul edildiyi bildirilib.

Rusiya səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması iki ölkə arasında son dövrdə münasibətlərin həssas olduğu bir vaxtda baş verib.

Mənbə: Anadolu Agency

Aynur Camal

Oxşar xəbərlər

Türkiyədə Ərdoğan PKK üzvləri üçün şərti amnistiya nəzərdə tutan qanunu imzaladı

Aynur Camal

Ukrayna Moskvaya genişmiqyaslı PUA hücumu etdi, Rusiyanın raket zərbəsi 10 nəfərin ölümünə səbəb oldu

Aynur Camal

2 min illik Çin qaya rəsmlərinin rəngi niyə hələ də solmayıb?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu