30 C
Baku
19 İyul 2024, 12:36
Baş xəbər

“Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdır”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev ilə müsahibə

– Milli Ordumuzun yaranma tarixi, Azərbaycan əsgərinin şanlı döyüş ənənələri haqqında fikirlərinizi bildirərdiniz.

– Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1998-ci ildə imzaladığı müvafiq Fərmanla Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Bu Fərman Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində tarixi bir addım oldu. Ulu Öndər Heydər Əliyev görkəmli dövlət xadimi, dünya miqyaslı böyük siyasətçi, həm də peşəkar hərbçi idi. 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə azərbaycanlıların hərbi məktəblərə daxil olmalarının təmin edilməsi, zabit kadrlarımızın vəzifələrə irəli çəkilməsi, hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasının qoyulması ordu quruculuğu sahəsində milli maraqlarımızın bünövrəsini təşkil edirdi. Xalqın təkidli çağırışlarına səs verərək 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul etdi və genişmiqyaslı islahatlara start verdi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”, – deyən Ulu Öndər ilk növbədə ölkədə vətəndaş həmrəyliyi və sabitliyin bərqərar olunmasına nail oldu. Silahlı qüvvələrin qanunvericilik bazası yaradıldı, dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Müəyyən qrupların və siyasi dairələrin şəxsi maraqlarına xidmət edən silahlı dəstələr buraxıldı, ayrı-ayrı qoşun növlərinin, hərbi hissələrin formalaşdırılması prosesi qısa müddət ərzində tam başa çatdırıldı, eyni zamanda orduya çağırış və fərarilik halları ilə bağlı problemlər həll edildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı və maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı.

Ümummilli Lider Heydər Əliyevin ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirərək müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizamlı və yüksək döyüş ruhu ilə seçilən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına nail oldu. Dünya miqyasında ən güclü ordular sırasında yer alan Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində mükəmməl döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərdi. Əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsindən əvvəlki illərdə qazanılan qələbələrimiz deyərdim ki, bizi böyük zəfərə doğru aparan inamlı addımlar idi. 2016-cı ilin aprel döyüşləri zamanı düşmənə dağıdıcı zərbələr endirildi. Nəticədə Ermənistan tərəfi atəşkəs rejiminin bərpa olunması üçün müraciətlər etmək məcburiyyətində qaldı. Sonra, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirilmiş möhtəşəm Günnüt əməliyyatını qeyd etmək istərdim. Eləcə də Azərbaycan sərhədçilərinin 2019-cu ildə Qazax rayonunda əldə etdikləri ciddi uğurlar. Bütün bunlar Silahlı Qüvvələrimizin real qüdrətinin mühüm nümayişi olmuşdur. Nəhayət, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ilin 8 noyabrında Şuşa şəhəri düşmən tapdağından azad edildi və bu tarixi qələbə ilə böyük zəfər salnaməmiz yazıldı. Bütün bu qeyd olunanlar Azərbaycan Silahlı Qüvvələrinin şanlı döyüş ənənəsinin əsasını təşkil edir.

– Bü gün Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində dünyanın ən güçlü orduları siyahısındadır. Daha güçlü olmamız üçün hansı addımlar atılmalıdır?

– Silahlı Qüvvələrdə çox ciddi və əhəmiyyətli işlər görülüb və bundan sonra da ordu quruculuğu sahəsində müvafiq tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. İki gün əvvəl – iyunun 23-də cənab Prezident Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı vurğuladı ki: “Bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Buna baxmayaraq, biz əlavə vəsaiti əldə edən kimi büdcənin artırılmasına böyük məbləğdə vəsait ayırdıq. Burada iki əsas istiqamət müəyyən edilmişdir – bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa olunmasıdır”.

Ali Baş Komandanın tələb və tövsiyələrinə uyğun olaraq bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, Ordu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması kimi tapşırıqlar durur. Cənab Ali Baş Komandan İlham Əliyev bu məsələlərə xüsusi diqqət göstərir və öz çıxışlarında Azərbaycan Ordusunun bundan sonra da gücləndiriləcəyini, dünyanın ən güclü orduları sırasında yerinin möhkəmləndiriləcəyini vurğulayır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi-strateji əməkdaşlığın perspektivləri baxımından müstəsna əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsi  müdafiə qabiliyyətinin və təhlükəsizliyin möhkəmləndirilməsi, birgə təlimlərin keçirilməsi və şəxsi heyət mübadiləsi, aidiyyəti strukturların əlaqəli fəaliyyətinin təmin olunması, müştərək layihələrin reallşdırılması və müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsi sahəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfələr verəcək tarixi bir sənəddir. Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə mütəmadi qaydada genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Bu baxımdan, iki qardaş ölkənin Silahlı Qüvvələri daim dünyanın diqqət mərkəzində dayanır, ölkələrimizin hərbi gücünü, qüdrətini daha geniş sferada nümayiş etdirir. Təbii ki, yeni standartlar da qəbul edilir və icra olunur. Əbəs deyil ki, Prezident İlham Əliyev cənabları komando birliklərinin hazırlanması istiqamətində öz mühüm tapşırıq və tövsiyələrini verdi və artıq Azərbaycanın ərazilərini istənilən təhlükədən müdafiə edən çox güclü, peşəkar və kifayət qədər potensialı olan komando birlikləri mövcuddur. Həmin perspektivlər isə əlbəttə ki, inkişaf etdirilir və hərbi modelin təkmilləşdirilməsi amili də daim nəzərdə tutulur.

– Son zamanlar erməni silahlı birləşməsinin təxribatlarının artmasının səbəbi nədir, bunu nə ilə izah edərdiniz? Bütün bunların fonunda Azərbaycan ordusu anti – terror əməliyatlarını intensivləşdirə bilərmi?

Cənab Ali Baş Komandan İlham Əliyev qarşıda duran məsələlər barədə fikirlərini açıqlayarkən vurğulayır ki, Ermənistan tərəfi yeni reallıqlarla barışmalı və bizimlə hesablaşmalıdır. Sülh və əmin-amanlığı bərpa etməklə regionun inkişafından Ermənistan da bəhrələnə bilər. Məlumdur ki, bu gün Ermənistan yalnız iqtisadi, sosial deyil, həm də hərbi-siyasi böhran içindədir və ölkədə hərc-mərclik davam edir. Eləcə də keçmiş hakimiyyətdən olan revanşistlərin yenidən iqtidara can atmaları təxribatları artıran amillərdəndir. Ermənistan üzərinə düşən öhdəlikləri, o cümlədən 10 noyabr Bəyanatın müddəalarını icra etməzsə, onlar üçün əvvəlkindən də böyük problemlərin yaranmayacağına kimsə zəmanət verə bilməz. Onu da deyim ki, artıq dünya birliyi də Azərbaycanın qələbəsini regionda sülhün möhkəmləndirilməsi istiqamətində önəmli töhfə kimi qiymətləndirir. Hesab edirəm ki, Ermənistan bu cəhdlərini nə qədər çox davam etdirərsə, hazırda düşdüyü acınacaqlı vəziyyətini daha da dərinləşdirəcək.

Bir daha əminliklə qeyd edim ki, Azərbaycan Silahlı Qüvvələri xalqımızın və dövlətimizin etimadını şərəflə doğrultmağa və Müzəffər Sərkərdəmiz, cənab Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdır.

– Cənab general, Ermənistan Siyasi hakimiyətinin ikili oyunu və sülh razılaşmasına mane olan tərəflər nədir? Azərbaycan Ermənistan sərhədlərinin delmitasiya və demarkasiya prosesində hansı irəliləyişlər var?

– Məlumdur ki, Ermənistan keçən ilin oktyabr ayında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdı. Ali Baş Komandanın bildirdiyi kimi, Azərbaycan tərəfinin sülh üçün mühüm şərti Zəngəzur dəhlizinin açılması və Ermənistan ordusunun silahlı birləşmələrinin Qarabağ bölgəsindən çıxarılmasıdır. Bundan sonra beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq hazırlanmış və ölkəmizin ərazi bütövlüyünün, müharibədən sonrakı reallıqların əks olunduğu sənədi Ermənistan imzalamalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər.

Biz şahidi olduq ki, 30 ilə yaxın dövrdə Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər nüfuzlu beynəlxalq təşkilatların qərarları icra olunmadı. 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusu parlaq qələbə ilə ədaləti bərpa etdi. Təəssüf ki, dünyada ikili standartlar reallığı bu gün də qalmaqdadır. Bir sıra siyasi dairələrin Ermənistanın təxribatçı əməllərinə göz yummaları, hətta ona dəstək vermələri isə onların özlərinin qəbul etdikləri hüquq prinsiplərini pozur. Azərbaycan müstəqil dövlətdir və onun maraqlarına zidd atılan istənilən adımın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq.

Bildiyiniz kimi, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyası fəaliyyət göstərir və işçi qrupların görüşləri keçirilir.  Növbəti belə görüşün keçirilməsi nəzərdə tutulur.

– Sonda, cənab general, Silahlı Qüvvələr günü ilə bağlı təbriklərinizi eşitmək istərdik.

– Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrimizin şəxsi heyətini səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıram. Doğma Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir, qazilərimizə şəfa diləyirəm.

Anar Şuşalı, Hərbi jurnalist

 

 

 

 

Teymur Əziz

Oxşar xəbərlər

Ərdoğan Ukraynaya səfərə yola düşür

Aynur Camal

Kocaeli mərkəzli 2 ildə FETÖ əməliyyatı: 9 nəzarətə alındı

Bugün TV

Paytaxtda dələduzluq edən şəxslər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu