25 C
Baku
23 İyun 2025, 13:57
Sosial

Azərbaycan və Vyetnam: Tarixə Söykənən Dostluq və Gələcəyə Doğru Əməkdaşlıq

“2025-ci il mayın 6-da Prezident İlham Əliyevin “Vietnam News Agency”yə verdiyi müsahibə iki ölkə arasında dostluğun və əməkdaşlığın geniş miqyasda davam etdiyini bir daha nümayiş etdirdi. Bu müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin dərin köklərə malik olduğunu və hər iki tərəfin bu əlaqələri daha da inkişaf etdirmək niyyətində olduğunu göstərdi”.

Bugun.tv xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan və Vyetnamı birləşdirən dostluq münasibətləri 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana səfəri ilə başlayıb, daha sonra 1983-cü ildə ümummilli lider Heydər Əliyevin Vyetnama səfəri ilə davam etmişdi. Bu tarixi səfərlər, ikitərəfli münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu sübut edir.

2014-cü ildə Prezident İlham Əliyevin Hanoya dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Bakıya səfəri əlaqələrin yeni mərhələyə keçməsinə səbəb olmuşdur. Həmin səfərlər çərçivəsində ilk Azərbaycan-Vyetnam biznes forumu keçirilmiş və iqtisadi-ticarət, energetika, inşaat, nəqliyyat, sənaye və digər sahələrdə əməkdaşlıq müzakirə olunmuşdur.

İki ölkə arasında hökumətlərarası komissiyalar, parlamentlərarası işçi qruplar, siyasi məsləhətləşmələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq uğurla davam edir. 2024-cü ildə əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dollarına çatmış, bu sahədə daha böyük potensialın mövcudluğu qeyd olunmuşdur.

Neft sənayesində də Azərbaycan və Vyetnam uzun illərdir əməkdaşlıq edir. 2019-cu ildə SOCAR və “Binh Son Refinery and Petrochemical Company” arasında müqavilə imzalanmışdır. Bu əlaqələrin tarixi 1981-ci ildə yaradılan “Veso Petrol” müştərək müəssisəsinə qədər gedib çıxır.

Mədəni və humanitar sahədə əməkdaşlıq da diqqətəlayiqdir. Azərbaycan bəstəkarı Qara Qarayevin “Vyetnam süitası” əsəri, rejissor Əjdər İbrahimovun fəaliyyəti, həmçinin Vyetnam müharibəsinə həsr olunan sənədli filmlər bu əlaqələrin nümunəsidir. Azərbaycanda təhsil almış vyetnamlı məzunlar bu gün öz ölkələrində mühüm vəzifələrdə çalışırlar.

Heydər Əliyev Fondunun 2018-ci ildən Vyetnamda həyata keçirdiyi layihələr, o cümlədən məktəb tikintisi və 2024-cü ildə Hanoy Ticarət və Turizm Kollecinə dəstək göstərməsi, bu sahədə əlaqələrin inkişafına töhfə verir.

Vyetnam lideri cənab Lamın Azərbaycana gözlənilən səfəri münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına təkan verəcək. Bu səfər, siyasi dialoqdan tutmuş, iqtisadi, humanitar, mədəni və partiyalararası əməkdaşlığa qədər bir çox sahələri əhatə edəcək.

Gələcək üçün perspektivlər arasında turizmin inkişafı xüsusi yer tutur. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa aviareyslərin açılması bu sahədə yeni imkanlar yaradacaq. Eyni zamanda, tələbə mübadiləsi və birgə təhsil proqramları da mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, Azərbaycan və Vyetnam arasında əlaqələr tarixə söykənir, amma gələcəyə istiqamətlənmişdir. Bu münasibətlər qarşılıqlı hörmət, dostluq və ortaq maraqlara əsaslanaraq yeni mərhələlərə doğru inkişaf edir.

Aynur Camal

Oxşar xəbərlər

“Gənc nəsli narkomaniyadan qoruyaq!”

Aynur Camal

Bu gün boşanmalara səbəb TV verlişləri səbəb olur?

Aynur Camal

Naziri general-polkovnik cənab Vilayət Eyvazov rayon sakinlərini qəbul edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu