26 C
Baku
19 Aprel 2024, 13:24
Baş xəbərMüsahibə

“Azərbaycan xoş niyyətli olmasa idi qırıcılar havaya qaldırılardı”

Azərbaycanın İrandan öyrənməli olduğu heç bir şey yoxdur. Bir dövlət hansısa addımı necə tənqid edəcəyi barədə qərarı özü verir. Verilən nota isə çox yerində və doğru addımdır. Ölkə sərhədini pozmaq, yaxud təhlükə yaratmaq həm beynəlxalq hüquqa, həm də qonşuluq münasibətlərinə ziddir.

Bu sözləri Bugun.tv -yə İran XİN-in sözçüsü Nasir Kənaninin Azərbaycanın verdiyi nota ilə bağlı açıqlaması haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Diplomat İranın ona olan etibarı itirdiyini və Azərbaycanın baş verən hadisələrə yerində və lazımi reaksiya vermək üçün yetərincə dövlət təcrübəsinin olduğunu vurğulayıb:

“Əgər növbəti dəfə oxşar hadisə təkrarlansa, Azərbaycanın qırıcı təyyarələrinin təxribata adekvat cavabı normal qəbul ediləcək. Məsələn, Türkiyədə də döyüş təyyarələrimiz Yunanıstan qırıcıları Egey dənizində hava sərhədini pozduğu zaman onları ərazimizdən çıxaranadək izləyir və qovurlar. Ancaq açıq və qəti şəkildə demək istəyirəm ki, İran belə təxribatçı addımlar atmamalıdır. Mehriban qonşuluq münasibətləri də bunu tələb edir. Əgər İran öncədən Azərbaycana sərhədə yaxın ərazidə döyüş təyyarəsinin uçuş keçirəcəyi xəbərini versəydi, vəziyyət tamamilə fərqli olardı. Çünki XİN və Müdafiə Nazirliyinin birgə bəyanatında İrana sərhəd pozulması ilə bağlı yox, təhlükəli yaxınlaşma və bəzi yerlərdə sərhəd xəttinin üzərindən uçma ilə əlaqədar xəbərdarlıq edilib. Əgər Azərbaycan xoş niyyətli olmasa idi, Hava Hücumundan Müdafiə qüvvələrinə həyəcan siqnalı verilərdi, qırıcılar havaya qaldırılardı. Dünyada demək olar ki, hər gün bənzər hadisələr yaşanır və beynəlxalq praktika da mövcuddur. İranın Bakıdakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb ona nota vermək və izahat tələb etmək diplomatik üsluba uyğundur. Biz belə təxribatların bir daha təkrarlanmamasını arzu edirik. Lakin heç bir halda İran rəsmiləri Azərbaycana etirazla bağlı kiminlə görüşmək lazım olduğunu deyə bilməz. Dövlət və onu idarə edənlər hansı məqamda kiminlə necə görüşüləcəyini, nə deyiləcəyini hamıdan yaxşı bilir”.

Qeyd edək ki, 11 martda İrana məxsus hərbi təyyarə Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Hadisə ilə bağlı Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıb. İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi XİN-ə çağırılıb və ona nota təqdim edilib. İran XİN sözçüsü Nasir Kənani isə Azərbaycanın xoşniyyətli olmadığını iddia edib.

Aynur Camal

Oxşar xəbərlər

Fransa Səhiyyə işçiləri etiraz aksiyaları keçirir

Aynur Camal

Silahlı hücumda 34 nəfər öldü

Bugün TV

Qanunsuz kömür istehsalı və ətraf mühitin tullantılarla zibillənməsi faktları aşkarlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu