Bugun.tv xəbər verir ki, Azərbaycanda yerli mütəxəssislər tərəfindən hazırlanmış, əlil arabasından istifadə edən şəxslər üçün nəzərdə tutulan ilk elektrik nəqliyyat vasitəsi (ENV) ictimaiyyətə təqdim edilib.
Təqdimat 23 iyun tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib. Layihə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən inklüziv nəqliyyat təşəbbüsü çərçivəsində hazırlanıb.

Bildirilib ki, yeni elektrik nəqliyyat vasitəsi əlilliyi olan şəxslərin müstəqil hərəkət imkanlarını genişləndirmək, şəhər mühitində əlçatanlığı artırmaq və ekoloji cəhətdən təmiz nəqliyyat həllərini təşviq etmək məqsədi daşıyır. Model universal dizayn prinsipləri əsasında hazırlanıb və istifadəçilərin ehtiyaclarına uyğun layihələndirilib.
Layihə müəlliflərinin sözlərinə görə, gələcək mərhələdə nəqliyyat vasitəsinin texniki göstəricilərinin təkmilləşdirilməsi, seriyalı istehsalının təşkili və beynəlxalq bazarlara çıxarılması planlaşdırılır.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP-nin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin inklüziv cəmiyyətin inkişafına, yerli mühəndislik potensialının gücləndirilməsinə və innovativ texnologiyaların tətbiqinə töhfə verəcəyi bildirilir.




