Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Facebook hesabında Azərbaycanda pensiyaların orta məbləğinin artdığını bildirib.
Onun paylaşdığı rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk yarısında ölkədə pensiyaların orta məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata çatıb. Bu göstərici orta aylıq əmək haqqının təxminən 51 faizinə bərabərdir.
Məlumata görə, həmin dövrdə yaşa görə pensiyanın orta məbləği 10,2 faiz, əlilliyə görə pensiyanın orta məbləği 10,5 faiz, ailə başçısını itirməyə görə pensiyanın orta məbləği isə 10,3 faiz artıb.
Vüqar Bayramov bildirib ki, orta pensiya məbləğinin yüksəlməsinin əsas səbəblərindən biri 2026-cı ilin yanvarından bütün növ əmək pensiyalarının 9,3 faiz indeksləşdirilərək artırılmasıdır.
Deputat qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, bütün növ əmək pensiyaları növbəti dəfə gələn ilin yanvarında indeksləşdiriləcək. Artım 2026-cı il üzrə orta aylıq əmək haqqının rəsmi artım faizinə uyğun müəyyənləşdiriləcək.
Onun sözlərinə görə, pensiya artımları ümumilikdə 1 milyon 100 min vətəndaşı əhatə edir.
