Bugun.tv xəbər verir ki, Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Yeni qaydalara əsasən, 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələr və digər rəqəmsal platformalarda şəxsi hesab yaratmasına məhdudiyyət tətbiq olunacaq.
Qanuna əsasən, rəqəmsal platforma provayderləri istifadəçilərin yaşını təsdiqləmək üçün texniki yoxlama sistemi tətbiq etməlidirlər. Yaşın təsdiqi istifadəçinin bəyan etdiyi məlumatlarla yanaşı, bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi vasitəsilə aparılacaq.
Yeni qaydalar yalnız səlahiyyətli icra hakimiyyəti orqanının müəyyən edəcəyi platformalara şamil olunacaq.
16–18 yaş arasında olan istifadəçilər isə yalnız qanuni nümayəndələrinin razılığı ilə qeydiyyatdan keçə biləcəklər. Bu zaman provayder həm yeniyetmənin, həm də qanuni nümayəndəsinin elektron poçt və mobil nömrəsinə təsdiq sorğusu göndərəcək. Bundan əlavə, bank kartından simvolik məbləğ tutulacaq və yaş təsdiqləndikdən sonra həmin vəsait geri qaytarılacaq.
Qanunda şəxsi məlumatların qorunmasına da xüsusi tələblər qoyulub. Belə ki, yaşın yoxlanılması zamanı toplanan məlumatların provayder tərəfindən saxlanılması, üçüncü şəxslərə ötürülməsi və ya reklam məqsədilə istifadə edilməsi qadağan edilir. Yoxlama tamamlandıqdan sonra bütün məlumatlar dərhal silinməlidir.
Qanun qüvvəyə mindikdən sonra 16 yaşdan kiçik istifadəçilərin mövcud hesabları da yoxlanılacaq. Yaşını təsdiqləyə bilməyən şəxslərin hesabları və onlara aid şəxsi məlumatlar silinəcək.
Eyni zamanda, 16–18 yaşlı yeniyetmələrin qanuni nümayəndələrinə platformalarda istifadə müddətini, reklamları və baxıla biləcək məzmunu idarə etmək imkanı veriləcək. Platformalar həmçinin azyaşlıları həyat və sağlamlıq üçün təhlükəli, eləcə də zorakılıq və digər zərərli məzmundan qorumaq üçün fasiləsiz işləyən nəzarət mexanizmləri yaratmalı olacaqlar. Belə məzmun aşkar edildikdə, 24 saat ərzində müdaxilə edilməlidir.
Qanuna əsasən, provayderlər yeni yaş yoxlama sistemlərini tətbiq etmək üçün texniki hazırlığı tamamlamalı və bu barədə səlahiyyətli qurumu məlumatlandırmalıdırlar.
Yeni qanun rəsmi dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək.

Mənbə: mail.ru
