Bugun.tv-yə daxil olan məlumata görə, Azərbaycanda ilk dəfə Milli Koxlear İmplant Forumu keçirilib.
Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial media hesabında məlumat verib.
Deputat bildirib ki, forum Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub və tədbirdə eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub.
Onun sözlərinə görə, bu cür təşəbbüslər eşitmə məhdudiyyətli insanların sosial həyata daha fəal qoşulmasına, onların cəmiyyətə inteqrasiyasına və gələcəyə inamlarının güclənməsinə mühüm töhfə verir.
Deputat çıxışında qeyd edib ki, ölkədə sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi, reabilitasiyası və təhsilə bərabər çıxışı istiqamətində mühüm addımlar atılır. O vurğulayıb ki, bu siyasət İlham Əliyev və Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilir.
Ceyhun Məmmədov əlavə edib ki, koxlear implant proqramlarının inkişafı və bu texnologiyadan istifadə imkanlarının genişləndirilməsi yüzlərlə uşağın və gəncin normal həyata qayıtmasına şərait yaradır. Onun sözlərinə görə, bu sahədə fəaliyyət göstərən ictimai birliklərin təşəbbüsləri dövlət səviyyəsində həyata keçirilən tədbirlərə mühüm dəstək verir.
Deputat forumun gələcək əməkdaşlıqların formalaşmasına, yeni layihələrin həyata keçirilməsinə və eşitmə məhdudiyyətli şəxslərin həyat keyfiyyətinin artırılmasına mühüm töhfə verəcəyinə inandığını bildirib.

