Deputat Vüqar Bayramov Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti və strateji valyuta ehtiyatları ilə bağlı sosial media hesabında paylaşım edib.
Bugun.tv xəbər verir ki, deputat paylaşımında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı ölkənin xarici borcunun ÜDM-in 5 faizindən bir qədər çox olduğunu və bunun dünyada ən aşağı göstəricilərdən sayıldığını qeyd edib.
Vüqar Bayramovun sözlərinə görə, xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbəti ölkənin iqtisadi təhlükəsizliyini qiymətləndirmək baxımından mühüm meyarlardan biridir.
Deputat World Economics təşkilatının statistikasına istinad edərək qeyd edib ki, xarici borc almaq potensialı olan dövlətlər arasında Azərbaycan bu göstəriciyə görə dünyada ilk üçlükdə yer alır. Xarici borcun ÜDM-ə nisbətinin birrəqəmli olduğu ölkələrin sayının isə cəmi doqquz olduğunu vurğulayıb.
Paylaşımda Azərbaycanın Avropada da bu göstərici üzrə fərqləndiyi bildirilib. Qeyd olunub ki, Avropada xarici borcun ÜDM-ə nisbəti Lüksemburq, Malta və Kiprdə daha yüksəkdir. Fransada isə xarici borcun həcmi ÜDM-dən 2,6 dəfə çoxdur.
Deputat həmçinin Azərbaycanın strateji valyuta ehtiyatlarının 89,4 milyard dollar təşkil etdiyini və bu məbləğin ölkənin xarici dövlət borcunu 20 dəfə üstələdiyini bildirib.
Vüqar Bayramovun fikrincə, valyuta ehtiyatlarının xarici dövlət borcundan dəfələrlə çox olması ölkənin iqtisadi təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
