Hindistanın Azərbaycandakı Səfirliyi noyabrın 13-də Bakıda hind kinosunun tanınmış nümunələrindən biri olan “Dilwale Dulhania Le Jayenge” filminin xüsusi nümayişini təşkil edəcək.
Bugun.tv xəbər verir ki, film nümayişi saat 16:00-da Hindistan Səfirliyinin binasında – Bakı şəhəri, Olimpiya küçəsi 6A ünvanında keçiriləcək.
“Cəsur Ürək Gəlini Aparar” adı ilə də təqdim olunan film Hindistan kinematoqrafiyasının məşhur romantik ekran əsərlərindən biridir. 1995-ci ildə ekranlara çıxan filmin baş rollarında Şahrux Xan və Kajol çəkiliblər.
Tədbirə qatılmaq istəyən şəxslər afişada yerləşdirilən QR kodu skan edərək əvvəlcədən qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son vaxt noyabrın 13-ü saat 10:00-dır.
Təşkilatçıların məlumatına görə, film nümayişi zamanı qonaqlara Hindistan mətbəxindən təamlar da təqdim olunacaq.
Tədbir Hindistan kinosu və mədəniyyəti ilə maraqlananlar üçün ölkənin sənət dünyasını daha yaxından tanımaq imkanı yaradacaq.
