Bugun.tv-xəbər verir ki, Bakıda “Qərbi azərbaycanlıların milli geyim irsi” adlı albom-kitabın təqdimatı və eyniadlı sərginin açılış mərasimi keçirilib.
Tədbir Qərbi azərbaycanlıların zəngin milli geyim ənənələrinin qorunması və ictimaiyyətə tanıdılması məqsədi ilə təşkil olunub.


Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Çıxış edənlər Qərbi azərbaycanlıların zəngin mədəni irsinin, xüsusilə milli geyim ənənələrinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.

Həmçinin tədbir zamanı layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə muzeyin direktoru Aminə Məlikovaya təşəkkür bildirilib.
Qeyd olunub ki, belə təşəbbüslər milli-mədəni irsin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mərasimin davamında Qərbi azərbaycanlıların milli geyim nümunələrindən ibarət xüsusi dəfilə nümayiş etdirilib.
Dəfilədə Qərbi Azərbaycanın müxtəlif bölgələrinə məxsus ənənəvi geyimlər təqdim olunaraq iştirakçılara həmin bölgələrin geyim mədəniyyəti haqqında ətraflı məlumat verilib.

Tədbir çərçivəsində eyni zamanda 40-a yaxın milli geyim nümunəsinin yer aldığı sərginin açılışı baş tutub. Sərgidə nümayiş olunan eksponatlar Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrində formalaşmış geyim ənənələrini, onların naxış və üslub xüsusiyyətlərini əks etdirir. Ziyarətçilər təqdim olunan nümunələr vasitəsilə Qərbi azərbaycanlıların zəngin mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Bildirilib ki, sərgi 5–8 mart tarixlərində təşkil olunaraq ziyarətçilər üçün açıq elan olunub.



Mənbə: QaynarXett
