Baş xəbərMədəniyyət

Berqmanla birinci görüş-AK

 Azərbaycan Kinematoqrafçılar İttifaqı “Berqmanla üzbəüz” adlı kino layihəsinə start verib.

İsveç kino və teatr rejissoru, ssenarist İnqmar Berqmanın filmlərini əhatə edən kino günlərində rejissorun 4 filminin nümayişi nəzərdə tutulub ki, bu da İttifaq ilə İsveç Krallığının Bakıdakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Noyabrın 1-də “Azərbaycan CinemaPlus”da nümayiş olunan “Pıçıltılar və qışqırıqlar” filmi geniş tamaşaçı auditoriyası tərəfindən izlənilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kinoşünas, filmin moderator Sevda Sultanova bildirib ki, bu gün biz dünya kinosunun ustalarından, mənim ən sevimli rejissorlarımdan biri, dünya kinosunda sonuncu filosof hesab olunan İnqmar Berqmanın filmini izləyəcəyik: “Filmlər noyabr ayı boyunca hər həftənin çərşənbə axşamı nümayiş olunacaq”.

Qeyd edək ki, İsveç Krallığının Bakıdakı səfiri Tobias Lorentzson nümayiş də iştirak edib.

T.Lorentzson çıxışında bildirib ki, bu nümayiş İsveçlə Azərbaycan arasında diplomatik əlaqələr qurulmasının 30 illiyi münasibətilə səfirlik tərəfindən həyata keçirilən silsilə tədbirlərin bir hissəsidir: “Bu xüsusi axşamda bu qədər insanın – sizlərin buraya toplaşdığını görməkdən çox şadam. Sevindirici haldır ki, Azərbaycanın kino üzrə təhsil alan tələbələri də bu axşam bizimlədir. Əminəm ki, onlar Berqmanın həyat və yaradıcılığı haqqında məndən daha çox məlumatlıdırlar. Berqmanın filmləri bizə çox dərindən toxuna bilir. O, özünəməxsus ifadə forması ilə ruhumuzun dərinliklərinə çatmaq üçün ekrandan necə istifadə edəcəyini bilirdi. Və bunu mükəmməl kinematoqrafiya texnikaları, təlqinedici obrazları, inanc və şübhə, evlilik və ailə həyatı, sənətin özü kimi zamansız və çox vaxt da ekzistensial mövzular vasitəsilə izah edirdi”.

Yeri gəlmişkən, “Pıçıltılar və qışqırıqlar” filmində üç bacıdan birinin vəziyyətinin ölümcül hala gəlməsi fonunda digər iki bacı və xidmətçi qadının bu duruma qarşı münasibətlərinin üzə çıxması əks olunur. Filmin nümayişindən sonra müzakirə aparılıb.

Tədqiqatçı Toğrul Abbasovqeyd edib ki, filmdə hadisələr XIX əsrdə baş verir. Yəni, ənənəvi, dini inancın parçalandığı, yox olduğu, yerinə də heç bir şey qoyula bilinməyən dövrdür. Aydınlanma, maariflənmədən keçilib, rasional düşüncə gəlib. Din dəyərləri artıq yoxdur, amma insanlar yerinə də başqa bir şey qoya bilmirlər. Ortada bunun yaratdığı bir ekzistensial problem var. Rasional düşüncənin ortaya çıxması ilə birlikdə ev içində qalan qadınların bu problemləri daha çox yaşaması nüansı da var. Həm qadınların, həm də alt sinifin buna bağlılıqları, qopa bilməməkləri və s. əks olunub. Alt sinifi xidmətçi qadın Anna obrazında görürük”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov isə filmdə stressli situasiyanın, krizisin olduğunu qeyd edib: “Birdən-birə 3 bacıdan birinin ölümcül xəstələnməsi digər iki bacı və dayəni imtahan qarşısında qoyur, onların təhtəlşüurunu, həqiqi simalarını üzə çıxarır. Bu stress situasiya iki bacının maskasını yırtır. Yeganə sevgi, şəfqət təqdim edə bilən insan dayədir. Müharibədə tez-tez belə olur. Yaxud da gözlənilməz aclıq, işin itirilməsi, istənilən bir problem sənin özün haqqında bildiyin rəyini dəyişə bilər. Maskan yırtıla və sənin gerçək üzün açıla bilər. Tərsinə də ola bilər. Hamının qorxaq kimi tanıdığı insan birdən-birə cəsarətli ola bilər. Necə ki, cərrah neştər vasitəsilə insan bədənini yararaq bütün orqanları üzə çıxarır. Berqman da cərrah dəqiqliyi ilə insan psixologiyasını ifşa edir”.

Kinoşünas Sevda Sultanova rejissorun ailə həyatından danışıb: “Berqmanın filmlərindəki din, ailə böhranı həm də onun uşaqlığından qaynaqlanırdı. Çünki onun atası din xadimi idi. Çox sərt bir rejimdə böyümüşdü. Daima ona özünü necə aparmalı, “İncil”i əzbər bilməli olduğu təlqin edilirdi. Həyatının müəyyən bir dövründə o, ailəsinə etiraz edərək evdən getdi və müstəqil həyat yaşamağa başladı”.

“O insan valideynləri tərəfindən sevgi ilə böyüməyib. Bu filmdə də baş roldakı qadınlardan biri olan “Anna” obrazında özünü əks etdirməyə çalışıb. Öləndə yanına gedərkən qadın onu qucaqlamağa çalışdı, amma o bundan həm iztirab çəkdi, həm də daxilən onu bağışlaya bilmədiyi üçün əzab çəkdi” deyə kino həvəskarlarından biri film haqqında belə bir fikir səsləndirib.

Xatırladaq ki, “Berqmanla üzbəüz” layihəsi çərçivəsində növbəti həftələrdə – noyabr ayının 8-də, 15-də və 22-də saat 19:00-da “Azərbaycan CinemaPlus”da “Yeddinci möhür”, “Persona”, “Fanni və Aleksandr” filmləri nümayiş olunacaq. Filmlər orijinal dildə, azərbaycanca və ingilis dilində altyazılarla təqdim olunur.

Bugün TV

Oxşar xəbərlər

“Bu məhsulları mətbəxdən çıxarın!” – Tanınmış diyetoloq çağırış etdi

Bugün TV

“Təxribatçı addımların cavabdehliyini Ermənistan daşıyır” – Aydın Hüseynov

Kəmalə Sultan

Tanınmış jurnalist dünyasını dəyişdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu