Bugun.Tv xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti Tomoko Akane ABŞ-ın tətbiq etdiyi sanksiyalar fonunda bütün BMT üzvü dövlətləri məhkəmənin fəaliyyətini müdafiə etməyə çağırıb.
“Associated Press”in məlumatına görə, Akane noyabrın 2-də BMT Baş Assambleyasına videobağlantı vasitəsilə müraciət edib. O, ABŞ sanksiyaları səbəbindən tədbirdə şəxsən iştirak edə bilməyib.
Yaponiyalı hakim çıxışında ABŞ administrasiyasını beynəlxalq ədalət mexanizminə mane olmaq cəhdində ittiham edib və 193 BMT üzvünün hamısını, o cümlədən məhkəməyə üzv olmayan ölkələri də qurumu müdafiə etmək üçün konkret addımlar atmağa çağırıb.
ABŞ administrasiyası oktyabrın 9-da Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar elan edib. Vaşinqton bu addımları məhkəmənin ABŞ və müttəfiqləri, o cümlədən İsraillə bağlı araşdırmalarına etirazla əsaslandırıb.
2002-ci ildə yaradılan BCM müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi ağır cinayətləri araşdırır. ABŞ isə məhkəmənin üzvü deyil.
Akane sanksiyalara baxmayaraq qurumun fəaliyyətini müstəqil və qərəzsiz şəkildə davam etdirəcəyini bildirib.
Mənbə: Associated Press
