Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni araşdırması şirkətlərdə gender bərabərliyinin və qadınların rəhbər vəzifələrə irəli çəkilməsinin biznes nəticələri ilə əlaqəsini ortaya qoyub. Tədqiqat müxtəlif ölkələrdən minlərlə müəssisənin təcrübəsinə əsaslanır.
Bugun.tv xəbər verir ki, “Biznes və idarəetmədə qadınlar: uğurun ölçülməsi” adlı hesabat 99 ölkədə fəaliyyət göstərən təxminən 12 min müəssisənin sorğusunu əhatə edir. 2025-ci ildə keçirilən sorğuda şirkətlərin 68,5 faizi gender bərabərliyini təşviq edən təşəbbüslərin biznes nəticələrinə müsbət təsir göstərdiyini bildirib. Bu göstərici 2018-ci illə müqayisədə 11,1 faiz bəndi yüksəkdir.
Hesabatda qadınların rəhbər vəzifələrə irəli çəkilməsi ilə şirkətlərin gəlirlilik göstəriciləri arasında da əlaqə qeydə alınıb.
Qadınların rəhbərliyə cəlb olunması diqqət mərkəzindədir
Ümumi gəlirliliyinin artdığını bildirən müəssisələrin 87,4 faizi qadınların rəhbər vəzifələrə irəli çəkilməsi təşəbbüsləri ilə əlaqəli olaraq ən azı 5 faizlik artım müşahidə etdiyini qeyd edib.
BƏT vurğulayır ki, qadınların əmək bazarında və idarəetmədə iştirakının genişləndirilməsi hələ də kifayət qədər sürətlə getmir. Hesabat bu sahədə daha geniş imkanların yaradılmasının həm işçilər, həm də müəssisələr üçün əhəmiyyətini önə çəkir.
Mənbə: mail.ru
