Bugun.tv– xəbər verir ki, Göygöl rayon Uşaq və Gənclər İnkişaf Mərkəzinin pedaqoji heyətinin bir qismi və dərnək üzvləri 3 Dekabr Beynəlxalq Əlillər Gününü qeyd etmək məqsədilə Göygöl Reabilitasiya Mərkəzinin əməkdaşları ilə bir araya gəliblər.
Göygöl rayonunda Sosial Reabilitasiya Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Xidmətlər Agentliyi tərəfindən fəaliyyəti təşkil edilmişdir və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən yaradılmışdır. Görüşün əsas məqsədi cəmiyyətdə əlilliyi olan şəxslərin hüquqlarına, onların imkan və potensialına diqqət yönəltmək, əlilliyi olan insanların sosial həyatın bütün sahələrində bərabər iştirakını təşviq etmək idi.

Müzakirələr zamanı əlilliyi olan uşaqların sosial inteqrasiyası, onların hüquqlarının müdafiəsi, təhsil və reabilitasiya imkanlarının genişləndirilməsi, eləcə də cəmiyyət tərəfindən bu sahədə dəstəyin artırılması kimi mühüm məsələlərə toxunuldu..
Mərkəzimizin direktoru Təranə xanım İsmayılova görüş zamanı “Əlil Qadınlar Cəmiyyəti” İB-nin Göygöl rayonu üzrə sədri Süsən xanım Qurbanovaya yaradılan şərait və əməkdaşlığa görə təşəkkürünü bildirdi. Görüşün sonunda uşaqlar üçün hədiyyələr təqdim olundu, onların sevinc dolu anları qeyd edildi.

Belə görüşlər əlilliyi olan insanların cəmiyyətdə tam və bərabər iştirakını təmin etmək, onların hüquqlarını qorumaq və cəmiyyətin diqqətini bu vacib mövzuya cəlb etmək baxımından böyük əhəmiyyət kəsb edir.
Həmçinin Əlil Qadınlar Cəmiyyəti Mətbuat Xidməti “Birlikdə daha güclüyük və hər kəsin bərabər imkanlara malik olduğu cəmiyyət üçün çalışırıq!” – şüarı ilə fəaliyyətlərini davam etdirəcəyini vurğulayıblar.



