Bugun.tv xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində növbəti narkotiklə mübarizə əməliyyat tədbirləri keçirib. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsi təşkil edən Gəncə şəhər sakini Amid Bayramov saxlanılıb. Onun sərnişin kimi əyləşdiyi “VAZ” avtomobildə axtarış olunub. Baxış zamanı Amid Bayramova məxsus 18 kiloqram, o cümlədən 4 kiloqram heroin, 9 kiloqramdan artıq metamfetamin, 5 kiloqrama yaxın tiryək və 109 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı A. Bayramovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə narkotiklərin satışını təşkil etdiyi müəyyən edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şöbə əməkdaşları digər bir əməliyyat tədbirləri keçirib. Axtarış zamanı paytaxt sakinləri Məhəmməd Quliyev və Sübhan Rzayev Biləsuvar rayonu ərazisində saxlanılıblar. Baxış zamanı onlardan 3 kiloqramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilib.
Digər bir əməliyyat tədbiri nəticəsində saxlanılan Biləsuvar rayon sakini Camal Rəhimovun üzərindən külli miqdarda heroin, metadon həbi aşkarlanıb. Yaşadığı evin həyətindən isə çətənə kolları aşkarlanaraq götürülüb.
Ümumilikdə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son 20 gün ərzində həyata keçirdikləri əməliyyatlar nəticəsində narkotiklərin satışı ilə məşğul olan 43 nəfər saxlanılıb. Həmin şəxslərdən 25 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.