Bugun.tv xəbər verir ki, beynəlxalq alimlər qrupu bitkilərin temperatur dəyişikliklərinə reaksiyasını tənzimləyən mühüm zülalın iş mexanizmini üzə çıxarıb. Araşdırma bitkilərin isti və soyuq hava şəraitinə necə uyğunlaşdığını anlamaq baxımından yeni imkanlar yaradır.
“Mail.ru” nəşrinin Almaniyanın Leybnits Kənd Təsərrüfatı və Dekorativ Bitkilər İnstitutuna istinadən yaydığı məlumata görə, tədqiqatçılar COP1 adlı zülalın temperatur artdıqda quruluşunu dəyişdirdiyini müəyyən ediblər.
Aşağı temperaturda bu zülal daha qapalı və az fəal vəziyyətdə olur. Hava istiləşdikcə onun quruluşu açılır və digər zülallarla qarşılıqlı əlaqəsi dəyişir. Nəticədə bitkinin böyüməsini ləngidən bəzi mexanizmlər zəifləyir və inkişaf prosesi fəallaşır.
Alimlər müxtəlif iqlim şəraitində yaşayan bitki növlərinin COP1 zülalını da müqayisə ediblər. Məlum olub ki, soyuq iqlimə uyğunlaşmış bitkilərdə bu zülal temperatur dəyişikliklərinə daha həssas reaksiya verir.
Tədqiqatın nəticələri Cell elmi jurnalında dərc olunub. Alimlər hesab edirlər ki, bu mexanizmin daha dərindən öyrənilməsi gələcəkdə kənd təsərrüfatı bitkilərinin yüksək temperaturlara uyğunlaşdırılmasına kömək edə bilər. Bunun praktik tətbiqi üçün isə əlavə araşdırmalar tələb olunur.
Mənbə: mail.ru
