Image default
Baş xəbərSiyasət

BMT Qərb ölkələrini Əfqanıstanla əlaqələri bərpa etməyə çağırıb

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli rəsmiləri Qərb ölkələrini Əfqanıstanla əlaqələri gücləndirməyə çağırıblar. Onların fikrincə, ölkənin beynəlxalq təcrid vəziyyətində saxlanılması gələcəkdə regionda və dünyada daha ciddi təhlükəsizlik problemlərinə səbəb ola bilər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Barham Salih və BMT İnkişaf Proqramının administratoru Aleksandr De Kroo Əfqanıstana səfərləri zamanı bildiriblər ki, ölkə hazırda bir-birini əvəz edən çoxsaylı böhranlarla üz-üzədir. Təbii fəlakətlər, iqlim dəyişikliyi, yoxsulluq və son illərin ən böyük qaçqın axını Əfqanıstandakı vəziyyəti daha da ağırlaşdırıb. Onların sözlərinə görə, 2023-cü ildən bəri Pakistan və İrandan təxminən 6 milyon nəfər Əfqanıstana qayıdıb, bu il isə daha 2 milyon nəfərin geri dönəcəyi gözlənilir.

BMT rəsmiləri vurğulayıblar ki, ölkədə müəyyən irəliləyişlər də var. Təhlükəsizlik sahəsində vəziyyətin nisbətən yaxşılaşdığı, narkotik istehsalının isə son illərdə 95 faiz azaldığı bildirilib. Bununla yanaşı, beynəlxalq maliyyə yardımının kəskin azalması yüzlərlə tibb məntəqəsinin bağlanmasına, milyonlarla insanın əsas tibbi xidmətlərdən məhrum olmasına səbəb olub.

Rəsmilər hesab edirlər ki, Əfqanıstanın beynəlxalq ictimaiyyətdən təcrid olunması ekstremizm, qanunsuz miqrasiya və narkotik dövriyyəsinin yenidən artmasına gətirib çıxara bilər. Onlar Qərb dövlətlərini ölkə ilə konstruktiv dialoqu davam etdirməyə, humanitar və inkişaf layihələrini dəstəkləməyə çağırıblar. BMT nümayəndələrinin fikrincə, Əfqanıstanın sabitliyi təkcə region üçün deyil, qlobal təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır.

Mənbə: AP News

Aynur Camal

Oxşar xəbərlər

Dünya Kubokunda dörddəbir finalın bütün iştirakçıları müəyyənləşdi

Aynur Camal

NATO liderləri Trampın alyansa sadiqliyini təsdiqləməsini gözləyirlər

Aynur Camal

Tramp: İranla atəşkəs artıq bitdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu