Burun və boğazımızın tənəffüs funksiyasından başqa orqanizm üçün qoruyucu rolu da var. Bu, xaricdən daxil olan havanın nəmlənməsi, isidilməsi və zərərsizləşdirilməsi badamcıq hesabına baş verir. Ancaq boğaz badamcıqları və burun ətləri funksiyasını itirə bilər. Belə olan halda onların cərrahi müdaxiləsi orqanizm üçün zərərlidirmi?
Ağız boşluğuna daxil olan bakteriyalar ilk növbədə boğaz və burundakı ət badamcıqlarının toxumaları tərəfindən tutulur. Daha sonra infeksiyaya qarşı mübarizə yaranır, orqanizm öz-özünü tənzimləməyə başlayır. Bu mənada badamcıqların rolu danılmazdır. Bəs onları hansı halda kəsdirmək doğru olar?
Mövzu ilə bağlı otolarinqoloq Elvin Əzizov Bugun.tv-yə açıqlamasında bildirdi ki, cərrahi müdaxilə üçün xüsusi tibbi göstərişlər olmalıdır.
Otolarinqoloq onu da qeyd etdi ki, bütün doğulan insanlarda həm burun əti olur, həm də boğaz əti olur. Birinci növbədə daxil olan infeksiyalara qarşı mübarizə aparır və immunitetdə öz rolunu göstərir. Onlar öz funksiyasını yerinə yetirmədikdə, iltihablananda biz onları ilk öncə müalicə edirik və əməliyyata göstəriş olarsa, əməliyyat edirik. Əməliyyata göstəriş həmin vaxt olur ki, boğaz dediyiniz damaq badamcıqları tez -tez irinliyərsə, həmin vaxt biz onu əməliyyat edirik.
Lakin əməliyyat heç də hər zaman doğru seçim hesab olunmur. Çünki vərəm, onkoloji, qan xəstəlikləri olan insanlar və uşaqlar risk qrupuna daxildir.
Əgər sağlam boğaz əti kəsilib götürülərsə əlbəttə ki, boğaz qoruyucusuz qalar və bu zaman faringit yarana bilər. Yəni immunitetin zəifləməsi baş verə bilər. Sağlam boğaz əti kəsilərsə, onun funksiyasında boyun linfa düyünləri öz üzərinə götürülür. Və, xəstələnən zaman boyun linfa düyünləri şişə bilər, narahatlıq yarada bilər.
Xüsusən də körpə və kiçik yaşlı uşaqlarda badamcıqlar orqanizmin müdafiəsində vacib funksiyaya sahib olduğu üçün kəsilməsi məqsədəuyğun deyil. Əgər badamcıq qoruyucu funksiyasını itirirsə, bu zaman onun götürülməsi məqbuldur.