15 C
Baku
29 Mart 2024, 13:49
Sosial

Boşanma zamanı əmlak necə bölünməlidir?

Boşandıqdan sonra çox zaman tərəflər arasında əmlakın, cehiz və ziynət əşyalarının bölüşdürülməsi ilə bağlı mübahisələr yaşanır. Bəs görəsən, bu məsələ qanunla necə tənzimlənir ?

Qanunvericiliyə əsasən, nikah dövründə ər-arvadın əldə etdiyi əmlak onların birgə mülkiyyəti hesab olunur. Lakin nikah bağlanana qədər, eləcə də həmin dövrdə alınan hədiyyələr, yaxud vərəsəlik qaydasında əldə edilən əmlak onların hər birinin ayrıca mülkiyyəti sayılır. Bəs, boşanma zamanı zinət əşyaları və cehiz kimdə qalmalıdır?

Vəkil Xəyalə Məmmədova Bugun.tv-yə açıqlamasında deyir ki, cehiz əşyaları məlum olduğu kimi, adətən nikaha daxil olduğu vaxt qadının ailəsi tərəfindən ona hədiyyə edilir. Ona görə də boşanma zamanı cehiz əşyaları qadının özünə qaytarılmalıdır. Əgər qarşı tərəf könüllü şəkildə cehiz əşyalarını qaytarmaqdan imtina edərsə, bu halda artıq qadın tərəfin ilk növbədə məhkəməyə müraciət etmək hüququ vardır. Nikaha daxil olan vaxt hədiyyə şəklində qadına verilmiş qızıl zinət əşyaları boşanma zamanı onun özünə qaytarılmalıdır. Lakin ola bilər ki, tərəflər nikah dövründə birgə gəlirləri və vəsaitləri hesabına yeni qızıl zinət əşyaları almış olsunlar.  Bu halda, o qızıl zinət əşyaları artıq nikah dövründə birgə gəlir hesabına əldə edildiyi üçün ümumi birgə mülkiyyət hesab olunur. Boşanma vaxtı tərəflər arasında bərabər qaydada bölünməlidir.

Nikaha xitam verilən zaman sıx yaşanan anlaşılmazlıqlardan biri də  qarşı tərəfin qəsdən və ya bilməyərək əşyalara ziyan vurmasıdır.

Vəkilin sözlərinə görə, praktikada müəyyən hallar mövcuddur ki, mebel əşyaları nikaha daxil olan cütlüyə oğlanın ailəsi tərəfindən hədiyyə edilir. Bu halda, artıq oğlanın ailəsi tərəfindən hədiyyə olunmş mebel əşyaları oğlanın özündə qalmalıdır. Əgər cehiz əmlakı və yaxud mebel əşyası qadın ev tərk etdikdən sonra zərər görərsə, bu halda qadın ona dəymiş zərərin miqdarında pul tələb edə bilər.

Eyni zamanda, müasir dövrdə mənzillər ipoteka krediti vasitəsilə alınır. Əgər ipoteka ilə alınan ev ər və arvadın birgə mülkiyyəti hesab olunursa, boşanma zamanı bərabər şəkildə bölünür. Əgər ipoteka kreditinin yalnız kiçik bir hissəsi ödənibsə, bu zaman yerdə qalan borcu tərəflər bərabər şəkildə ödəməlidirlər.

 

 

Bugün TV

Oxşar xəbərlər

“Övladlarımızı məktəbsiz qoymaq istəyirlər” – VALİDEYNLƏR ETİRAZ ETDİ   — YENİLƏNİB

Bugün TV

Aprelin 21-də gözlənilən hava şəraiti

Aynur Camal

“Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu