17 C
Baku
10 İyun 2025, 8:33
Baş xəbərMədəniyyət

“Böyük bir zövqsüzlük dalğası “kütlə zövqünü” formalaşdırır” – Maya İmran yazır…

“Aparıcı olduğum verilişin formatına uyğun olaraq, efirə müxtəlif yaşdan, janrdan olan ifaçı qonaqlar dəvət edirik, sənətdən, yaradıcılıqdan danışırıq.
Əvvəllər tanımadığım bir neçə müğənnini də aparıcı olduğum müddətdə tanımışam.
Bəlkə hansısa nüanslarda 7 illik piano təhsilim də bu mövzuda danışmağıma kömək edir, ən azından mövzuya giriş-çıxış etməyimə, danışdığımdan həm də xəbərdar olmağıma əsaslar verir.
Yəni, musiqidən danışıramsa, ən azından, notdan, laddan, qammadan, tonallıqdan başım çıxır.
Bəlkə də buna görə, not tanımayanlara “populyar” deməyə dilim dönmür.
Başqa bir ad tapıb deyə bilirəm elələrinə.
Bu, ayrı dərd..
Aydın məsələdir ki, özəl telekanaldır, proqramlar, qonaqlar, əsasən, tamaşaçı zövqünə, istəyinə görə seçilir, tənzimlənir..

Biz bu tamaşaçı zövqünə uyğunlaşma və tamaşaçı zövqünün formalaşdırılması arasındakı dərin və keçilməz körpüdə necə tər tökürük!

Musiqi Akademiyasını və ya Milli Konservatoriyanı bitirmiş, musiqi təhsilinə yiyələnmiş biri ilə sənətdən qızıl xırdaladığımız anda efirin nömrəsinə bir mesaj gəlir: “Üzeyir Mehdizadəni efirinizə dəvət edin, onu görmək istəyirik.”

Zövqünün yanlış istiqamətdə formalaşmasının günahını mavi ekranın “belinə atan” tamaşaçı tələb edir ki, “iç səsinə cavab verən” ifaçını görsün!

Günahkar verilişdirsə, günaha sövq edən tamaşaçıdır!

Mesajı gözucu oxuya-oxuya anlayırsan ki, o tamaşaçı bu saniyə efirimizdə Üzeyir Mehdizadəni görmədiyi üçün kanalı dəyişdi.
Qonşu kanalların biri Üzeyir Mehdizadəyə görə bizdən incik düşmüş bir tamaşaçını qazandı.

Həə, biz söhbəti davam etdiririk.. Blyuzun muğamla sintezindən danışırıq, Qərb musiqisinin milli musiqimizlə ahəngindən danışır, nə dərəcədə, hansı janrlarda uğurlu olduğunu analiz edirik.

Bu əsnada, qonşu kanalda Üzeyir Mehdizadənin “YouTube” kanalının baxış sayı 1 milyardı keçən ilk Azərbaycan rəsmi kanalı olması barədə xəbər oxunur və xüsusi şadyanalıqla ifaçının mahnılarından, dünyaya səs salmasından danışılır…

Bəlkə də həmin anda hansısa qız sevincindən özünü saxlaya bilməyib, televizorun ekranını qucaqlayır, öpür.

Üzeyir Mehdizadə bizim də verilişimizdə qonağımız olub, şəxsi qərəzliyim filan yoxdur ona.
Çox da mədəni, abırlı insandı.
Fikrim onu mahnılarını sənətdən kənar, özünü də zövqsüz adlandırmaq deyil.
Demək istədiyim odur ki, o bir milyard baxış sizin gözünüzdür, Üzeyir Mehdizadənin yox!
Əgər bayağı musiqi deyib Tofiq Quliyev, Qara Qarayev, Rauf Hacıyev, Emin Sabitoğlu axtarışına çıxmısınızda, bu yolda qarşınızı kəsən Üzeyir Mehdizadələr deyil !
Üzeyirlə başladı Azərbaycan musiqisi, Üzeyirlə bitdi, dedilər bir ara!
Elə özümüz də öz dediyimizi təkzib edirik: bu gün bir milyard baxış toplayan musiqi bitmiş sayıla bilməz, sadəcə, yeni eraya başlayır.
Üzeyir Hacıbəyova pərəstiş edən nəsil yenə də var, sadəcə, “baxışlar”a xidmət edən musiqisevərlərlə mübarizə aparmır..
Onlar “baxış”ın, “trend”in, “tik-tok”un at oynatdığı meydanda özünə yer tapa bilməyib, çəkilib bir kənara, heç bəlkə soruşsan, bu dövrə aid də bilmir özünü.
Zövqü, tərzi, ruhu, xoşladıqları ötən əsrə aid olan biri bu əsrdə yaşamış sayılmır ki!
O öz dünyasında “Koroğlu”sunu dinləyir sakitcə..
Sakit gecələrdə Emin Sabitoğluyla “dərdləşir”..
Şənlənmək istəyəndə Tofiq Quliyevlə “söhbətləşir”
Qəmlənəndə Elza İbrahimova ilə “su səpir ürəyinə”..
Hələ də musiqinin dərinliyini qulağı yox, ruhu ilə ölçə bilən az sayda insan var.
Amma aid olmadığı əsr, bu əsrin “yükü” yorğun salıb onu.
Onların nə “Tik-tok”da atılıb düşməyə, atlanmağa həvəsi var, nə youtube səhifələrində trend axtarışına marağı !
Beləcə, çox az sayda zövq sahibi kütlənin fırtınasına qarışıb yoxa çıxmağa boyun əyib.
Beləliklə, böyük bir zövqsüzlük dalğası “kütlə zövqünü” formalaşdırır, tək-tük zövqlü isə bu axın qarşısında acizdir, sakitcə opera dinləyir..

Onlara olsa-olsa, kitab oxuyanda fon musiqisi lazım ola bilər…
Kütlə isə sevəndə Üzeyirlə sevir, ayrılanda Üzeyirlə ayrılır…

Üzeyir onun tənha günlərinin “qaranlıq otağı”dı, sevgilisinə məktub aparan ağ göyərçinidi, xəyanət edən yarıdı, ayrılıq yeli əsdirən əğyardı, qara sonluqlu sevgi hekayəsidi Üzeyir onun.
Həyatının bütün mərhələlərində, məhəbbətinin hər künc-bucağında Üzeyirin səsi, nəfəsi, çığırtısı-bağırtısı, ağlaşı, qarğışı var.

Üzeyiri dinləyə bilmək zövq yox, xarakter məsələsidir…

Və onu dinləyəndə onu təkcə sevən yox, onu hiss edən, onunla “yaşayan”lardır.

Sadəcə, təəssüf doğuran fakt odur ki, o azlıq da “kütlə zövqü” anlayışının içində itib-batır, yekunda milli musiqi mədəniyyətimizi formalaşdıran bəxtsizlərə milyard baxış əvəzini, milyard kərə haqsızlıq olur. Bu boyda əməklərinə rəğmən, o “baxışlar”dan onların payına düşən cəmi-cümü 100-200 adam ola, ya da yox.

Dediyim odur ki, göz də bizimdir, baxış da!
Günahı onda, bunda axtarmayaq!
Günah bizdədir !
Kütlə də bizik, zövq də bizik, tələb də, tələbat da özümüzük!
Yaranan, yazılan, ifa olunan hər musiqi bizik, içimizdir, düşündüklərimizdir!
Bunu bəyəniriksə, elə bundan ibarətik !
Dinlədiyimiz də öz səsimizdir!
Elə edək ki, öz səsimizə qulaqlarımız kar olmasın!
Öz baxışımızdan gözümüz tutulmasın!
“Sevgili canan”ımıza “Amor mio” ilə xəyanət etməyək!

Kaş ki, Üzeyir bəy keçə günahımızdan…”

Bugün TV

Oxşar xəbərlər

Mayın 22-də gözlənilən hava şəraiti

Aynur Camal

Qəbilə qarşıdurması: 15 ölü

Aynur Camal

Bu gün Zeynəb Xanlarovanın doğum günüdür…

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu