Bugun.tv xəbər verir ki, Böyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları daha da genişləndirərək yeni bankları, şirkətləri, bir fiziki şəxsi və altı gəmini qara siyahıya daxil edib.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, yeni sanksiyalar çərçivəsində ümumilikdə 19 qurum və şəxs məhdudiyyətlərə məruz qalıb. Siyahıya Ozon Bank, Roseximbank, Center-invest Bank, Realist Bank, Bank Stavr, Teleport Bank və Oney Bank, həmçinin Northern Engineering, Metallkomplekt, Nikom, Promsiz və Technolux şirkətləri daxil edilib. Bundan başqa, Siltron şirkətinin sahibi Aleksandr Jdanov da sanksiyalara məruz qalan şəxslər sırasındadır.
Yeni qərara əsasən, sanksiya siyahısına düşən şirkət və şəxslərin Böyük Britaniyadakı aktivləri aşkar edilərsə, onlar dondurulacaq, həmin şəxslərin ölkəyə girişinə isə qadağa qoyulacaq.
Ozon Bank isə bildirib ki, yeni məhdudiyyətlər fəaliyyətinə təsir göstərməyəcək. Bankın açıqlamasında qeyd olunub ki, onun xaricdə aktivləri yoxdur, beynəlxalq əməliyyatlar aparmır və SWIFT sistemindən istifadə etmir.
Böyük Britaniya son aylarda Rusiyaya qarşı sanksiya siyasətini davam etdirərək banklar, şirkətlər, fiziki şəxslər və Rusiya ilə əlaqəli olduğu iddia edilən gəmilərə qarşı yeni məhdudiyyətlər tətbiq edir.
Mənbə: TASS
