Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp vitse-prezident JD Vensin 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmasını istədiyini donorlarla qapalı görüşdə bildirib.
The Washington Post qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Tramp təxminən iki həftə əvvəl Oval Ofisdə keçirilən görüşdə “Günün sonunda biz JD-ni seçməliyik” ifadəsini işlədib.
Nəşrin yazdığına görə, Trampın müşavirlərindən biri prezidentin artıq qeyri-rəsmi şəkildə JD Vensi öz siyasi varisi kimi gördüyünü bildirib. Mənbənin sözlərinə görə, Vens İranla bağlı danışıqlarda iştirakı, federal vəsaitlərin mənimsənilməsi ilə mübarizə üzrə işçi qrupuna rəhbərlik etməsi və mediadakı fəallığı ilə Trampın etimadını qazanıb.
Bununla yanaşı, digər mənbələr Trampın son nəticədə JD Vensi, yoxsa dövlət katibi Marko Rubionu dəstəkləyəcəyinin hələ də dəqiq olmadığını bildiriblər. Onların sözlərinə görə, ABŞ prezidenti mövqeyini dəyişə bilər və rəsmi dəstək qərarını hələlik açıqlamaq niyyətində deyil.
Nəşr həmçinin qeyd edir ki, Marko Rubio son vaxtlar prezidentlik ambisiyaları ilə bağlı suallardan yayınmaq üçün mediada çıxışlarını azaldıb. JD Vens isə gələcək planları barədə ictimai açıqlama verməyib.
Mənbə: TASS
