Böyük Britaniyanın yeni Baş naziri Liz Trass Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı dövlət başçısının yaxın gələcəkdə Kiyevə səfər dəvətini qəbul edib.
Bugün.tv “Report”a istinadən xəbər verir.
“Baş nazir (Liz Trass-red) qarşıdakı həftələr və aylarda Prezident (Volodimir Zelenski-red) ilə işləməyi səbirsizliklə gözlədiyini və tezliklə Ukraynaya səfər etmək dəvətini məmnuniyyətlə qəbul etdiyini söylədi”, – Trassın ofisindən bildirib.
Həmçinin, danışıqlar çərçivəsində Trass Ukrayna liderinə Kiyev rejiminə uzunmüddətli yardım və Londondan dəstək alacağına zəmanət verib.
Bunu Baş nazir özü də tviter hesabında təsdiqləyib.
“Bu axşam Ukrayna Prezidenti Zelenski ilə danışdım.
Ukraynada azadlıq və demokratiyaya sarsılmaz dəstəyimizi bir daha təsdiqlədik. Rusiyanın enerjini silahlandırmaq cəhdləri Qərbi çəkindirməməlidir. Ukrayna uzunmüddətli perspektivdə Böyük Britaniyanın dəstəyinə arxalana bilər”, – Liz Trass sosial şəbəkə hesabında yazıb.
Daha əvvəl Ukraynanın Londondakı səfiri Vadim Pristayko Britaniyanın yeni Baş nazirinin Kiyevə səfərinə hazırlıqların başlaması barədə danışıb. Səfir qeyd edib ki, Trassla danışıqlara və onun Kiyevə səfərinə hazırlıqlar əvvəlcədən başlayıb.