Bugun.Tv xəbər verir ki, alimlər Braziliyanın Atlantik meşələrində ötən əsrin 1970-ci illərindən başlayaraq qurbağa populyasiyalarının azalmasının səbəbini araşdırarkən təhlükəli göbələk xəstəliyinin izlərinə rast gəliblər.
“ScienceDaily” nəşrinin Smithsonian İnstitutunun araşdırmasına əsaslanan məlumatına görə, 1979–1982-ci illərdə Boraceia Bioloji Stansiyasının ərazisində amfibiyaların sayı kəskin azalıb. Uzun müddət bu hadisənin səbəbi dəqiq müəyyən edilməmişdi.
Tədqiqatçılar muzey kolleksiyalarında saxlanılan 17 növə aid 370-dən çox amfibiya nümunəsini araşdırıblar. 1979-cu ildən əvvəl toplanmış nümunələrdə xitrid göbələyinin izləri aşkarlanmayıb. 1980-ci illərə aid nümunələrin isə yarıdan çoxunda bu infeksiyaya rast gəlinib.
Alimlər hesab edirlər ki, göbələk xəstəliyi həmin dövrdə populyasiyaların azalmasına səbəb olmuş ola bilər. Sonrakı müşahidələr zamanı əvvəlki 17 növdən 12-si yenidən qeydə alınıb və onların əksəriyyətinin sayının bərpa olunduğu müəyyən edilib.
Tədqiqatçılar nəticələrin yalnız araşdırılan əraziyə aid olduğunu, digər bölgələrdəki qurbağa yoxaçıxmaları üçün eyni izahın avtomatik tətbiq edilə bilməyəcəyini vurğulayırlar.
Mənbə: ScienceDaily
