11 C
Baku
20 Mart 2023, 22:06
Baş xəbərSosial

Bu gün Azərbaycanda sonuncu çərşənbə – torpaq çərşənbəsi qeyd olunacaq

Bugun.tv xəbər verir ki, bu gün Azərbaycanda Novruz bayramının sonuncu – İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunacaq.

Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir.

Birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir. Dördüncü çərşənbədə yəni bu gün torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. Qədim xalqımız bu oyanışı şən nəğmələr, müxtəlif mərasimlər və ayinlərlə qarşılayıblar. Torpaq çərşənbəsində yerin üstündə və altında olanlar yenidən canlanır, dirilir. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır.

Torpaq çərşənbəsinə əksər hallarda ilin, ayın axır çərşənbəsi də deyilir. Sonuncu çərşənbə əvvəlki üç çərşənbəyə nisbətən daha təmtəraqlı keçirilir. Müxtəlif ayinlər icra olunur. Hamı təzə geyinir, başa, ələ, ayağa xına yaxırlar. Yelləncəkdə yellənir, su falına baxır, qapı pusurlar. Tonqal qalanar, Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”, ya da “Ağırlığım odda yansın”. Bunları İlin ağrı-acısı sevinclə əvəzlənsin deyə edirlər.

Eyni zamanda yumurtanı qırmızı boyayar, yumurta döyüşərlər. Süfrənin üstünə xeyir-bərəkət rəmzi olan səməni qoyular. Səmənini belinə qırmızı lent bağlayarlar və.s.

Adət-ənənələrimizə də qeyd olunur ki, Axır çərşənbədə təkcə ev-eşik yox, insanların qəlbi də təzələnir. Küsülülər barışar, hamı xoş sözlər deyər, bir-birinin könlünü alar. Qulaq yaxşı söz eşitsin deyə hamı Xoş sözlər söyləyər. Qulaq falına yalnız axır çərşənbəsində çıxarlar. Çərşənbə axşamı söyüş, qarğış, ürəkbulandıran söz söyləməzlər. Kimsəsizlərə yardımlar edilər.

Axır çərşənbədə dörd ilahi başlanğıc birləşir: Su, Od, Yel və Torpaq. Təmtəraqlı, zəngin ayin və rituallarla müşayiət olunması onun yekun aktı kimi dəyərləndirilməsi ilə əlaqədardır. Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş – yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunur.

Oxşar xəbərlər

Bu gündən 40 nəfərə yaxın beynəlxalq səyahətçi Qarabağ və Şərqi Zəngəzura səfər edəcək

Aynur Camal

İranda əxlaq polisi ləğv edilir

Aynur Camal

“Ermənistan çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyanlar üçün hələ heç bir addım atmayıb”

Aynur Camal

Şərh yazın