Bugun.tv xəbər verir ki, gün Azərbaycanın Milli Qəhrəmanı Şəhid Vəzir Orucovun anım günüdür.
O, 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub.1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunub.
Vəzir orta təhsilini Xoruzlu kənd orta məktəbində alıb. O, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olub.1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirib.Vəzir Orucov 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdür.
1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olur. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da, komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlir. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır.
Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır.
Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin.
1992-ci ilin avqust ayında, Orucov Sərsəng su anbarında kəşfiyyatda olub. Onun ətrafında 30 nəfər PK pulemyotu ilə silahlanmış kəşfiyyatçı var idi. Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun batalyonu öndən, Orucovun isə kəşfiyyat qrupu ilə düşmənin arxasından hərəkətə keçir. Ermənistanın “Arabo” batalyonu həmin gün böyük itkilər verir və bu uğurlu əməliyyatın nəticəsində “Arabo” batalyonunun qırılmasına görə Ermənistan 3 gün matəm elan edir.
Vəzir Orucov 22 mart 1993-cü ildə Ağdərənin “Qlobus” yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olub.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Şəhidlər daimi bizim qəlbimizdə yaşayacaqlar. Onlar bizim and yerimiz və qürur mənbəyimizdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!