İribuynuzlu mal-qara fermasını yoxlayan müfəttiş biləndə ki, ferma müdirinin buynuzu qarnındadır, yoxlamanı bir neçə gün də uzatdı. Ferma müdiri də müfəttişin tərpənişindən hiss etmişdi ki, onun qarnının ağrısı var. Müfəttişlərin qarınlarının ağrısını kəsmək üçün həmişə cibində dərman gəzdirərdi. Ferma müdiri müfəttişin dərmanı almayınca təftiş aktına qol cəkməcəyini hiss edirdi. Sağ əllini sol cibinə uzatdı. Bunu görən müfəttiş də qələmi sağ əlinə götürüb, qacış meydançasındakı idmançılar kimi start vəziyyətini aldı. Ferma müdiri müfəttişi yoxlayırmış kimi, əlini döş cibindən çəkdi. Müfəttiş də halını pozmadan qələmi sağ əlindən sol əlinə ötürüb, sağ əli ilə boynunu qaşıdı. Ferma müdiri müfəttişə altdan yuxarı tərs-tərs baxıb, sağ əlini sol döş cibinə apardı. Onların sözsüz oyununa tamaşa edən kəl başını bulaya-bulaya müffətişlə ferma müdirinin arasından keçdi. Ferma müdiri bir kələ baxdı, bir müfəttişə. Ürəyindən bir arzu keçdi. Nə olaydı bu kəl müfəttişi buynuzuna qaldırıb, yerə çırpaydı. Elə ürəyində bunu demişdi ki, kəl müfəttişi buynuzuna qaldırıb yerə çırpdı. Ferma müdiri bir anlığa özünü itirirdi, gözlərinə inana bilmədi. Sevindiyindən kəli qucaqlayıb öpmək istəyidi ki, gözu qızmış kəl onu da müfəttişin yanına uzatdı. Sonra yerə düşmüş təftiş aktını hirslə çeynədi. Ferma müdiri ilə müfəttiş gözlərini xəstəxanada açanda, başlarının üstünü qəssaba oxşayan bir həkim kəsdirmişdi. Ferma müdiri həkimi görən kimi, tanıdı. Həkimin qarnındakı buynuzlar onları yerə çırpan kəlin buynuzlarından da böyük idi. Ötən il qonşusu Kərimbalanın kor bağırsağının yerinə düz bağırsağını kəsmişdi.
– Bu həkim məni Kərimbalanın yanına göndərəcək. Kaş o kəl burada olaydı.
Elə bunu demişdi ki, bir gurultu qopdu. Palatanın qapıları taybatay açıldı. Kəlin içəri girməyilə həkimi onların yanına uzatmağı bir oldu. Bu hadisədən sonra buynuzu qarnında olanlar kəli görəndə qaçıb gizlənirdilər. Günlərin bir günu, kəlin də buynuzunu çalan tapıldı. Icra başçısı kəlin müavini pəncərədən bayıra atdığını görəndə, bir gün onu da belə aqibət gözlədiyini başa düşüb, kəli kəsdirdi. Ətini bazarda satdırdı. Bu əhvalata burada son qoymaq olardı, əgər bu xəbər ildırım surətilə yayılmasaydı. Deyilənlərə görə, kim kəlin ətindən dadibsa, qarnında buynuzu olan adamları tanıyır, onlara qarşı amansız olur. Deyirəm, nə olaydı o kəlin ətindən hamı dadaydı.
Əhməd Orucoğlu