Yunanıstanda Hərbi Hava Qüvvələrində və eyni zamanda NATO-nun kəşfiyyat strukturunda mühüm vəzifə daşıyan yüksək rütbəli polkovnikin Çinə casusluq etdiyi iddiası ilə saxlanıldığı bildirilib.
Məlumata görə, telekommunikasiya və radar proqram təminatı sahəsində mühəndis kimi fəaliyyət göstərən polkovnik, NATO-ya məxsus gizli məlumatları Çin kəşfiyyatına ötürməkdə ittiham olunur. Şübhəli şəxsin casusluq fəaliyyətini etiraf etdiyi qeyd edilir.
İddialara əsasən, Çin kəşfiyyatı polkovniklə iki il əvvəl sosial media platforması üzərindən əlaqə yaradıb. Pul qarşılığında əməkdaşlığa razılaşan hərbçi üçün məlumat ötürmək məqsədilə xüsusi proqram təminatı hazırlanıb.
Yunanıstan rəsmiləri bildiriblər ki, məsələ barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məlumat verməsindən sonra şübhəli şəxs nəzarətə götürülüb. Araşdırmalar zamanı onun NATO sənədlərini fotoşəkillərini çəkərək xüsusi cihaz vasitəsilə Çinə göndərdiyi müəyyən edilib.
Üç ay davam edən texniki müşahidə nəticəsində polkovnikin kritik fayllara daxil olarkən QR kodlardan istifadə etdiyi və bununla rəqəmsal iz buraxdığı aşkarlanıb.
Yunanıstan Baş Qərargahı yayılan məlumatların ölkənin milli maraqlarına və NATO təhlükəsizliyinə ciddi zərər verə biləcəyini açıqlayıb.
Hadisə ilə bağlı ikinci şübhəli şəxsin də axtarıldığı bildirilir.
Mənbə: İlkha
