Bugun.tv xəbər verir ki, alimlər çox isti çay və qəhvə içilməsi ilə qida borusunun xərçəng növlərindən biri arasındakı mümkün əlaqəni araşdırıblar.
Mail.ru-nun yaydığı materialda Oksford alimlərinin böyükmiqyaslı araşdırmasına istinad edilir. Tədqiqat çərçivəsində təxminən 977 min nəfərin məlumatları təhlil olunub və isti içkilərin istehlakı ilə qida borusunun yastıhüceyrəli xərçəngi arasındakı mümkün əlaqə araşdırılıb.
Mövzu ilə bağlı əsas diqqət içkinin növündən çox onun temperaturuna yönəldilib. Çox yüksək temperaturda istehlak olunan içkilərin qida borusunun selikli qişasına müntəzəm qıcıqlandırıcı təsir göstərə biləcəyi ehtimal olunur.
Tədqiqatçılar bununla belə, nəticələrin yalnız bir amillə izah edilməməli olduğunu vurğulayırlar. Xərçəng riskinə siqaret, alkoqol istifadəsi, qidalanma, yaş və digər amillər də təsir göstərə bilər.
Mütəxəssislər ümumilikdə isti içkilərin bir qədər soyudulduqdan sonra qəbul edilməsinin daha məqsədəuyğun olduğunu bildirirlər.
Mənbə: mail.ru
