14 C
Baku
29 Mart 2024, 19:45
Baş xəbərSiyasət

Ceyhun Bayramov İsrail XİN-in siyasi direktoru ilə görüşüb – FOTO

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. İsrail nümayəndə heyəti Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının yüksək vəzifəli şəxsləri və İsrailin Avrasiya ölkələrindəki səfirlərindən ibarət olub.

Bugun.tv  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı, tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, təhsil, yüksək texnologiyalar və s. istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə ətraflı müzakirə aparıblar.

Nazir Ceyhun Bayramov ötən il 30 illiyinin qeyd olunduğu Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin və ikitərəfli əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, xalqlarımızın birgə yaşayış tarixinin yüz illəri əhatə etdiyini vurğulayıb.

Nazir İsraildə Azərbaycanın turizm bürosunun və ticarət nümayəndəliyinin fəaliyyətinin, bu yaxınlarda Azərbaycanın səfirliyinin təsis edilməsinin münasibətlərin daha da inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd edib.

Görüş zamanı, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı, həmçinin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və sülh prosesi istiqamətində atdığı addımlar və təşəbbüslər barədə qarşı tərəf məlumatlandırılıb. Bununla yanaşı, Ermənistan tərəfindən törədilən təxribatlar qeyd olunub.

Aliza Bin Nun Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edərək, İsrailin Avrasiyadakı səfirlərinin görüşünün məhz Bakıda keçirilməsinin İsrailin ölkəmizlə münasibətlərə verdiyi önəmin göstəricisi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda yaşayan yəhudi icmasının iki ölkəni birləşdirən körpü rolunu oynadığını bildirib. Aliza Bin Nun İsrail və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərin daha da artırılmasında İsrail tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.

Görüş çərçivəsində iki ölkə arasında yüksək səviyyəli dialoq və səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edilib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ötürücü stansiyalardan oğurluq edənlər saxlanıldı

Teymur Əziz

Sel nəticəsində itən körpənin axtarış-xilasetmə işləri davam edir

Bugün TV

Vinq Çun üzrə Bakı çempionu Tamilla Hüseynli: “İndiki zamanda qızların özünü müdafiə edə bilməsi mütləqdir”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu