Bugun.tv xəbər verir ki, bu gün – 24 avqust müsəlman dünyasında Məhəmməd Peyğəmbərin (s) mövludu münasibətilə Mövlud günü kimi qeyd olunur. 2026-cı ilin dini təqviminə əsasən, Mövlud günü hicri təqvimlə 11 Rəbiüləvvəl 1448-ci il tarixinə təsadüf edir.
Mövlud müsəlmanlar üçün Məhəmməd Peyğəmbərin (s) dünyaya gəlməsini yad etmək, onun həyatını, gözəl əxlaqını və insanlara çatdırdığı mənəvi dəyərləri xatırlamaq baxımından əlamətdar günlərdən biridir.
Bu gün münasibətilə insanlar dua edir, Peyğəmbərin (s) həyat və fəaliyyətini yad edir, mərhəmət, xeyirxahlıq, sülh və mənəvi dəyərlərə daha çox diqqət yetirməyə çalışırlar.
Milli Məclisin deputatı Ceyhun Məmmədov da Mövlud günü münasibətilə müsəlmanlara təbrik ünvanlayıb.
Deputat sosial media hesabında paylaşdığı təbrikində bu mübarək gecənin Allahın Rəsuluna olan sevgini yeniləmək, onun gözəl əxlaqını həyatımıza daha çox yansıtmaq, qəlbi dua, mərhəmət və xeyirxahlıqla zənginləşdirmək üçün gözəl fürsət olduğunu bildirib.
Ceyhun Məmmədov Uca Allahın bütün duaları qəbul etməsini, insanların qəlbinə nur, evlərinə bərəkət, ailələrinə əmin-amanlıq bəxş etməsini diləyib.
Deputat paylaşımının sonunda “Mövlud Kandiliniz mübarək olsun! Allahın rəhmət və bərəkəti üzərinizdən əskik olmasın!” deyə müsəlmanları təbrik edib.

