Çin alimləri Yerin maqnit sahəsindən 800 min dəfə güclü olan maqnit hazırlamaqla yeni dünya rekordu qırıblar. Çinin Daimi Yüksək Maqnit Sahəsi Müəssisəsində (SHMFF) çalışan alimlər 42,02 tesla maqnit sahəsi yaradan müqavimətli maqnit yaradaraq dünya rekordu qırıblar.
Bu maqnit Yerin təbii maqnit sahəsindən təxminən 800.000 dəfə güclü olması ilə diqqət çəkir.
SHMFF tərəfindən hazırlanmış maqnit Florida Milli Yüksək Maqnit Sahəsi Laboratoriyası tərəfindən 2017-ci ildə müəyyən edilmiş 41,4 tesla rekordunu üstələyib.
Bu rekord qıran nailiyyət elm adamlarına maddənin yeni növlərini tədqiq etməyə və elmi alətləri daha da dəqiqləşdirməyə imkan verir.
SHMFF maqniti 32,3 meqavatlıq yüksək güc istehlak etsə də, rezistiv maqnitlər superkeçirici maqnitlərə nisbətən bəzi üstünlüklərə malikdir.
Rezistiv maqnitlər güclü maqnit sahələrini daha uzun müddət saxlaya bilər və sahənin gücü daha tez tənzimlənə bilər. SHMFF hazırladığı bu maqniti bütün dünyada tədqiqatçılara təqdim edir. Bu maqnitin xüsusilə super keçiricilik tədqiqatları və qabaqcıl material testləri üçün böyük faydası olacağı gözlənilir.
SHMFF komandası daha az enerji ilə eyni maqnit sahəsinin gücünə nail olmaq üçün hibrid və tam superkeçirici dizaynlar üzərində işləməyə davam edir.
2022-ci ildə isə Çin 45,22 teslaya çatan hibrid maqnit hazırlamışdı. ABŞ Milli Laboratoriyası da 2019-cu ildə qısa müddət ərzində 45,5 Tesla-ya çatan prototip istehsal etmişdi.
Bununla belə, etibarlı, sərfəli və aşağı enerji sərfiyyatına malik sistemlərin yaradılması hələ də mühüm mühəndislik problemi hesab olunur.
Mənbə: EnSonHaber