Çinin Sıçuan əyalətində yerləşən və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Jiuçjayqou (Jiuzhaigou) Milli Parkında güclü yağışların yaratdığı torpaq sürüşmələri səbəbindən minlərlə turist təhlükəsiz ərazilərə köçürülüb.
Bugun.tv xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Çinin dövlət televiziyası CCTV bildirib ki, leysan yağışları nəticəsində baş verən torpaq sürüşmələri yolları bağlayıb və parkın bəzi hissələrinə girişi mümkünsüz edib. Hadisədən sonra ərazidə qalan turistlər təxliyə olunub və onların təhlükəsizliyi təmin edilib.
Məlumata əsasən, Jiuçjayqou parkının əsas turizm marşrutlarından bəziləri müvəqqəti bağlanıb. Xilasetmə və yol xidmətləri ərazidə təmizləmə işləri aparır, geoloqlar isə yeni torpaq sürüşməsi riskini qiymətləndirirlər.
Hadisə Çinə bu il təsir edən ən güclü tayfunlardan biri olan Noul tayfunundan sonra baş verib. Güclü yağışlar ölkənin cənub və mərkəzi bölgələrində sel və torpaq sürüşməsi riskini artırıb. Çin meteoroloji xidməti bir neçə əyalət üzrə ən yüksək səviyyəli daşqın xəbərdarlığı elan edib.
Jiuçjayqou Milli Parkı rəngarəng gölləri, şəlalələri və dağ mənzərələri ilə tanınır və hər il milyonlarla turist qəbul edir. Hazırda parkın təhlükəli hesab olunan hissələri ziyarətçilər üçün bağlı saxlanılır.
Mənbə: Reuters
