Çində dövlət sirri hesab olunan məlumatları xarici kəşfiyyat qurumuna ötürməkdə təqsirləndirilən keçmiş məmur ölüm cəzasına məhkum edilib. Onun bu fəaliyyət müqabilində 150 min dollardan çox pul aldığı bildirilir.
Bugun.tv xəbər verir ki, bu barədə “Associated Press” agentliyi noyabrın 23-də yayılan məlumata istinadən yazıb.
Rəsmi qurumlarla əlaqəli “Gold Wall Press” nəşrinin açıqlamasına görə, yalnız Ma soyadı ilə tanıdılan şəxs xaricdə işlədiyi müddətdə naməlum ölkənin kəşfiyyat xidməti tərəfindən əməkdaşlığa cəlb olunub. O, sonradan Çinə qayıtsa da, kəşfiyyat məlumatları toplamağa davam edib.
Məlumata əsasən, Ma xarici tərəfə ümumilikdə 35 dövlət sirri hesab olunan məlumat ötürüb və bunun müqabilində 1 milyon yuandan, yəni təxminən 150 min dollardan artıq vəsait alıb.
Xarici kəşfiyyatla əlaqənin detalları açıqlanmayıb
Nəşrin məlumatında casusluq əlaqəsinin qurulmasında “Kailin” adı ilə təqdim edilən şəxsin iştirak etdiyi bildirilir. Həmin şəxsin əvvəlcə Ma ilə yaxın münasibət yaratmağa çalışdığı, daha sonra isə əməkdaşlığı davam etdirməsi üçün ona təzyiq göstərildiyi qeyd olunur.
Çin tərəfi məlumatları alan ölkənin adını, məhkəmə hökmünün nə vaxt və harada çıxarıldığını açıqlamayıb. Hökmün icra edilib-edilmədiyi də məlum deyil.
Mənbə: The Guardian
