Premium kinoteatrlar şəbəkəsi “CineMastercard” 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün xüsusi kampaniya elan edib.
Şirkətdən verilən məlumata görə, media nümayəndələrinə təşəkkür və ehtiram əlaməti olaraq şəbəkənin kinoteatrlarında nümayiş olunan istənilən filmə bir ədəd ödənişsiz bilet təqdim ediləcək.
Kampaniyadan yararlanmaq istəyən jurnalistlər kinoteatrın kassasına yaxınlaşaraq etibarlı xidməti vəsiqələrini təqdim etməli, qeydiyyat formasını doldurmalı və izləmək istədikləri filmi seçməlidirlər.
“CineMastercard” bildirib ki, jurnalistlər cəmiyyətin operativ və etibarlı məlumatlandırılmasında mühüm rol oynayırlar. Onların peşəkar fəaliyyəti sayəsində ictimaiyyət ölkədə və dünyada baş verən hadisələr, mədəni həyat, sosial proseslər və digər mühüm mövzular barədə dolğun və obyektiv məlumat əldə edir.
Şirkət Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edərək, onlara peşə fəaliyyətlərində yeni uğurlar, maraqlı layihələr, tükənməz ilham, möhkəm cansağlığı və nailiyyətlər arzulayıb.
Mənbə: MagaziNews

