“Boşanma mədəniyyətini ayrıca bir element kimi götürmək olmaz. Çünki bu cəmiyyətin ümumi mənəvi-psixoloji vəziyyətinin təzahürlərindən biridir. Yəni bir cəmiyyət necədirsə, insanların mənəvi, əxlaqi-etik, mədəni səviyyəsi də elədir. İstər boşanmalarda, istərsə də, başqa münasibətlərdə olsun. Cəmiyyətdə son dövrlərdə aqressiya və eqoizmin artması, mənəvi dəyərlərin itirilməsi, maddi dəyərlər üzərində hər şeyə yanaşılması gətirib bu cür problemlərə çıxarır”.
Bu fikri Bugun.tv -yə özəl müsahibəsində Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq jurnalist Elçin Bayramlı bildirib.
“Boşanma mədəniyyəti deyərkən, insanların münasibətlərinin nə üzərində qurulduğuna və ailənin hansı səbəbdən dağıldığına diqqət yetirmək lazımdır. Əgər kənar faktorlar səbəbindən boşanma baş verirsə, aydındır ki, tərəflər düşməncəsinə yox, normal bir formada ayrılacaqlar və insani münasibətləri saxlaya biləcəklər. Yox, əgər burada zorakılıq və yaxud ağır xəyanət faktı baş verirsə, bu kimi hallarda təbii ki, normal münasibətdən və boşanmadan söhbət gedə bilməz. Bir çox hallarda da əmlak üzərində dava-qırğın baş verir. Bəziləri boşanarkən daha çox əmlak tələb edir. Bu isə qarşı tərəfin narazılığına gətirib çıxarır. Artıq insani-mənəvi dəyərlər arxa plana keçir, ər və arvad bir-birini düşmən kimi görür. Bu təbii ki, sağlam bir cəmiyyətin təzahürü və normal insani etik-mədəni davranış forması deyil. Eyni zamanda, bu, başa düşüləndir. Çünki insan hissləri olan bir varlıqdır. Özünə qarşı olunan ağır xəyanət halını, hansısa bir vəhşiliyi, zorakılığı tam bağışlamağı bacarmadığı üçün qarşı tərəfdən normal şəkildə boşana bilmir. Belə hallarda dava-dalaş, məhkəmə prossesləri baş verir. Bu hamısı insanların mənəvi vəziyyəti ilə bağlıdır”, – Elçin Bayramlı qeyd etdi.
Sosioloq bildirir ki, boşanmada səbəb və şərait əsas faktordur. Çünki tərəflərin davranışı bunun üzərində olur. Son dövrlərdə insanların həyata baxışları və dəyərləri dəyişib, eqoizm artıb. Ancaq özünüdüşünmə və narsist əhval-ruhiyyədə olmaq, maddiyyata önəm vermək və bu kimi hallar əsas dəyərləri üstələyir. Əgər bu varsa, onda normal boşanma mədəniyyətindən və digər insani münasibətdən söhbət gedə bilməz.