Demodeks gənəsi ilk dəfə 1841-ci ildə səpgilərin irin kütləsində və qulaq kirində alman alimləri F.Henle və F.Berger tərəfindən, “Demodex brevis” isə 1963-cü ildə rus alimi L.Akbulatov tərəfindən aşkar edilib. 1972-ci ildə isə professorlar C.Deş və N.Nattinq insan orqanizmində əsasən iki növ gənənin parazitlik etdiyini təsdiqləyib.Həkim-infeksionist Dürdanə Kazımova Bugun.tv-yə açıqlamasında bildirir ki, dəri gənələri – demodeks ən çox yağlı dərilərdə əmələ gəlir. Demodeks gənələri geniş yayılmış parazitlərdir, indiyədək onların 65 müxtəlif növü öyrənilib. Dərialtı gənələrin üç növü – Demodex folliculorum Simon, Demodex brevis Akbulatova və Demodex canis insanda, qalanları isə heyvanlarda parazitlik edir. “Demodex
folliculorum” gənəsinin uzunluğu 0,3-0,4 mm olur. “Demodex canis” növünə isə çox nadir hallarda rast gəlinir. Həmin gənələr demodekoz xəstəliyinin törədiciləridir. Latın dilindən tərcümədə Demo piy, Dex isə qurd, soxulcan deməkdir. Hər bir növ demodeksin özünəməxsus forma və xarakteri var. Onlar ağ rəngdə və yarımşəffaf olur, xaricdən nazik keratin membranla əhatələnirlər. Uzunsov bədəninin hər iki tərəfində fırçaşəkilli ayaqları var, təmas-kontakt yolu ilə yayılır. Demodekoz zamanı üz və baş dərisi qızarır, qaşıntı yaranır, saçlar və kirpiyin tükləri tökülür. Gənələrin bədəni pulcuqlarla örtülüdür və bunun sayəsində onlar tük follikullarına daha möhkəm yapışa bilir, hormonlarla, tük follikullarının səthinə çökmüş dəri piyi və oradakı endoplazma ilə qidalanır. Dişi gənələr erkək fərdlərlə müqayisədə öz formasına görə bir qədər girdə və qısa olur. Gənə tük follikulunu tərk edə bilər. Gün işığı onlara qıcıqlandırıcı təsir göstərdiyindən demodeks gənələri xüsusilə gecələr dəri səthinə çıxır və 8-16 sm/saat sürətilə hərəkət edirlər. Onlar qaranlıq və isti mühiti çox sevirlər. Gənələr bir neçə həftə yaşayır, tük follikulları və ya piy vəzilərinin dərinliklərində yumurta qoyurlar. 3-4 gün ərzində yumurtadan yeni gənəciklər çıxır və 7 gün ərzində böyüyüb yetkin gənəyə çevrilirlər. Orqanizmdə gənənin bir inkişaf tsikli 14 gündür. Demodeksin sevdiyi nahiyələr – göz qapağı və dərisi, qaşüstü qövs nahiyəsi, alın, burun-dodaq büküşləri, çənə və xarici qulaq keçəcəyidir. Demodeks gənələrinin əsas lokalizasiya zonası “demodeks üçbucağı” hesab olunur və buraya burun qanadları, burun-dodaq büküşü və çənə nahiyəsi aiddir. Xəstəlik uzun müddət davam edərsə, gənələr sinə və kürək nahiyəsinə də yayıla bilər. Xəstəlik daha çox immun sistemi zəifləmiş, maddələr mübadiləsi pozulmuş, ammetropiyası olan, uzaqgörmədən əziyyət çəkən yaşlılarda, xroniki mədə-bağırsaq pozğunluğu olan uşaqlarda rast gəlinir. Güclü emosional stresslər, neyroendokrin, mədə-bağırsaq, psixi və immun xəstəliklər, hepatobiliar sistemin zədələməsi, lipid mübadiləsinin pozulması kimi hallarda demodekozun yaranmasına səbəb ola bilər. Hormonal və ya digər bioloji əlavələri olan bahalı kosmetik vasitələrin istifadəsi, solyari və mütəmadi olaraq qəbul edilən müxtəlif su vannaları demodeks gənəsini qıcıqlandıra və xəstəliyin yaranması üçün ötürücü mexanizm ola bilər. Gənələr uzun müddət bitki yağları, vazelin və kosmetik kremlərdə yaşaya bilir. Buna görə də gigiyenik qaydalara riayət edilməlidir. Başqalarının kosmetik vasitələrindən istifadə olunmamalıdır.
ƏMƏLƏGƏLMƏ SƏBƏBLƏRİ
Xəstəlik ona görə təhlükəlidir ki, onu asanlıqla qıcıqlanmış və ya yorğun, süst dəri ilə səhv salmaq olar. Bəzən demodekozu sərbəst xəstəlik hesab etmirlər. Ona sağlam dəridə də rast gəlmək olar.
Buradan aydın olur ki, demodeks gənələri şərti patogendir, onlar cüzi miqdarda olduqda xəstəlik törədə bilmirlər. Buna baxmayaraq, uzun müddət davam etdikdə dəri toxumasının qida ehtiyatı tükənir, nəticədə dərinin məsamələri genişlənir, səthi kobudlaşır və öz görkəmini itirir. Dəridə gənələrin miqdarı həddən artıq olduqda histopatoloji reaksiyalar və xəstəliklər yaranır. Dərialtı demodeks gənələri meybom vəzilərində, tük follikullarında, axacaqlarında və xüsusilə seboreya zamanı üz dərisinin piy vəzi sekretlərində yaşayır. Bəzən demodekoza başın tüklü nahiyəsində, qaş və kirpiklərdə də rast gəlinir. Demodex cinsindən olan gənələr orqanizmdən kənarda uzun müddət yaşaya bilir. Yoluxma xəstəlik daşıyıcısından başlanır, hətta ev heyvanlarından da yoluxma mümkündür. Yaz-yay aylarında xəstəliyə daha tez-tez rast gəlinir. Eyni zamanda, dərialtı demodeks gənələri rozasea və perioral dermatit (həmin xəstəliklər zamanı dəridə gənələrin miqdarı artır) kimi bir sıra xəstəliklərin ağırlaşmasına səbəb olur. Gənələr mikroorqanizm və virusların daşıyıcısı kimi onların dərinin, tük və piy follikulların daha dərin qatlarına keçməsinə şərait yaradır.
“Demodekoz zamanı genişlənmiş dəri məsamələri, üz dərisində qırmızı ləkələr, dərinin həddən artıq yağlanması, dəri səthinin kələ-kötür olması, üzdə mimiki hərəkətlərdə çətinliyin yaranması, burun ölçülərinin böyüməsi (rənginə görə göyümtül-qırmızı gavalıya bənzəyir – rinofima), dəridə gənə olan nahiyələrdə tüklərin tökülməsi, xırda köpmələr və qaşıntılar meydana gəlir. Yoluxan xəstələr əsasən gözdə yorğunluq, gözdə və qaşda qaşıntı, güclü istinin təsiri ilə çimdiklənmə hissi, qıcıqlanma, bədənin müxtəlif hissələrində “qarışqa gəzişi” və yaxud da gözə “tökülən qum” hissiyyatı, kirpiklərə ağırlıq çökməsi, səhər yuxudan oyananda gözdə yanma hallarından şikayətlənirlər.
Demodekoz müalicə olunan xəstəlikdir və müəyyən mərhələlərdən sonra istədiyimiz nəticəyə nail ola bilərik”,- D. Kazımova söylədi.