Bugun.tv xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə oktyabrın 13-də başlayan Lakmé Fashion Week moda həftəsi tanınmış aktyorların iştirakı və yeni kolleksiyaların nümayişi ilə davam edir. “The Indian Express” nəşrinin oktyabrın 16-da yaydığı məlumata görə, oktyabrın 18-dək davam edəcək tədbirdə Hindistanın tanınmış dizaynerləri ilə yanaşı, yeni yaradıcıların kolleksiyaları da təqdim olunur.
Ali Fazal ənənəvi geyimlə podiuma çıxıb
Aktyor Ali Fazal dizayner Tarun Tahilianinin Tasva kolleksiyasından seçilən geyimdə podiuma çıxıb. Açıq fil sümüyü rəngində olan ənənəvi hind geyimi tikmə detalları və naxışlı şərflə tamamlanıb. Aktyor nümayiş zamanı digər modellərlə birlikdə rəqs edərək tədbirə əyləncəli anlar qatıb.
Nitanshi Goel fərqli libası ilə seçilib
Aktrisa Nitanshi Goel Suneet Varma tərəfindən hazırlanan kolleksiyanın təqdimatında iştirak edib. Onun tünd şərab rəngli, parıltılı detallarla bəzədilmiş, aşağıya doğru genişlənən balıqquyruğu formalı libası diqqət çəkib.
“Kashi” adlanan kolleksiya Hindistanın qədim Kəşişəhərinin rənglərindən və mədəni mühitindən ilhamlanıb. Geyimlərdə əl işi tikmələrə, sallanan bəzəklərə və ənənəvi naxışlara üstünlük verilib.
Müasir biçimlər də podiumda yer alıb
Aktrisa Tejasswi Prakaş isə NIF Global-ın nümayişində daha müasir üslubda hazırlanmış geyimlə çıxış edib. O, ağ köynəyi tünd qırmızı zolaqlı jiletlə, asimmetrik boz ətəklə və uyğun pencəklə birləşdirib.
Moda həftəsi çərçivəsində oktyabrın 17-də Manish Malhotra kolleksiyasının, oktyabrın 18-də isə AM by Amit Aggarwal kolleksiyasının nümayişi planlaşdırılıb.
Mənbə: The Indian Express
