Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiyada yaşayan azərbaycanlıların Rusiya–Ukrayna müharibəsinə cəlb edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Deputat öz sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, son günlər bu istiqamətdə məlumatların artması Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, Rusiyanın dövlət qurumları müxtəlif bəhanələrlə bu ölkədə yaşayan azərbaycanlılara təzyiq göstərirlər.
Ceyhun Məmmədov bildirib ki, sənədlərin qaydasında olmaması, rus dilini bilməmək və ya hansısa dini tədbirlərdə iştirak kimi əsaslarla azərbaycanlılara qarşı məsuliyyətdən azad olunmaları üçün Rusiya–Ukrayna müharibəsində iştirak etmələri şərt kimi irəli sürülür.
Deputatın sözlərinə görə, oxşar metodlar Rusiya həbsxanalarında da tətbiq olunur: “Azərbaycanlı məhbuslara qalan cəzalarından azad olunmaq müqabilində müharibədə iştirak etmək təklif edilir”.
Ceyhun Məmmədov vurğulayıb ki, azərbaycanlılara qarşı bu cür yanaşma birmənalı olaraq qəbuledilməzdir və haqlı olaraq cəmiyyətdə etirazla qarşılanır. Deputat bu məsələnin diqqətdə saxlanılmasının vacibliyini qeyd edib.
