Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan və Slovakiya prezidentlərinin keçirdiyi görüşün iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Bugun.tv xəbər verir ki, deputat bu fikirləri sosial media hesabında paylaşıb.
Vüqar Bayramov qeyd edib ki, Prezident İlham Əliyev və Slovakiya Prezidenti arasında keçirilən görüşdə, eləcə də mətbuata verilən bəyanatlarda əməkdaşlığın genişləndirilməsi xüsusi vurğulanıb. Onun sözlərinə görə, Avropa İttifaqı uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşıdır və bu istiqamətdə əlaqələr yeni mərhələyə qədəm qoyur.
Deputatın paylaşımına əsasən, 2025-ci ildə Azərbaycanın 43,8 milyard dollarlıq xarici ticarət dövriyyəsinin 42 faizdən çoxu Avropa İttifaqının payına düşüb. Ümumi ixracın isə 69 faizi ittifaq ölkələrinə yönəlib. Azərbaycan hazırda təbii qaz ixrac etdiyi Avropa ölkələrinin sayını artırmaqla qitənin enerji təhlükəsizliyində strateji tərəfdaş mövqeyini daha da möhkəmləndirib. Slovakiya da Azərbaycan qazını idxal edən Avropa dövlətləri sırasında yer alır.
Vüqar Bayramov vurğulayıb ki, növbəti mərhələdə Azərbaycan Avropaya yalnız ənənəvi enerji resursları deyil, həm də yaşıl enerji ixrac etməyi planlaşdırır. Onun sözlərinə görə, Gürcüstan və Qara dəniz üzərindən çəkilən enerji layihəsi hesabına Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin 2027-ci ildən sonra Avropa bazarına çıxarılması nəzərdə tutulur.
Deputat bildirib ki, Azərbaycanın coğrafi mövqeyi Avropa ilə Mərkəzi Asiya arasında mühüm körpü rolunu oynayır. Regional nəqliyyat dəhlizlərinin inkişafı və Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə ölkə üzərindən tranzit yükdaşımalarının həcmi daha da artacaq, bu isə həm Azərbaycanın, həm də region ölkələrinin iqtisadi imkanlarını genişləndirəcək.

