Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında Cənub Qaz Dəhlizi çərçivəsində keçirilən son iclaslarla bağlı paylaşım edib.
Deputat bildirib ki, İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı zamanı Azərbaycanın yeni qaz hasilatı potensialına toxunub. Dövlət başçısı “Abşeron”, “Ümid” və “Şahdəniz” yataqlarının əlavə istehsala imkan yaradacağını vurğulayıb.
Vüqar Bayramov qeyd edib ki, yaxın illərdə “Abşeron” yatağında tammiqyaslı işlənmə mərhələsinin başlanması hasilatı 3 dəfə artıracaq. “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına start verilməsi gözlənilir. Eyni zamanda, 2028-ci ildə “Şahdəniz” yatağının yeni mərhələsi üzrə hasilata başlanılması planlaşdırılır.
Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil olunub. Bunun 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,9 milyard kubmetri “Şahdəniz”, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb. 2024-cü ildə isə ümumi hasilat 50,3 milyard kubmetr təşkil edib.
Qaz ixracına toxunan millət vəkili bildirib ki, 2025-ci ildə ümumi xarici satış 25,2 milyard kubmetr olub. Bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya ixrac edilib.
Vüqar Bayramov vurğulayıb ki, artan qaz hasilatı ixracın da həcminə birbaşa təsir göstərir və planlaşdırılan artımlar Azərbaycan qazının daha çox ölkəyə tədarükünü təmin edəcək. Onun fikrincə, yaşıl enerji istehsalının genişlənməsi daxili bazarda təbii qaza qənaət etməyə və ixrac imkanlarını artırmağa şərait yaradacaq ki, bu da dövlət gəlirlərinin artımı və ölkəyə daxil olan valyuta axını baxımından strateji əhəmiyyət daşıyır.
Deputat hesab edir ki, bu proses fonunda Cənub Qaz Dəhlizinin ötürmə imkanlarının genişləndirilməsi daha da prioritet məsələ kimi ön plana çıxır.
