Baş xəbərİqtisadiyyat

“Dövlət Proqramı kənd təsərrüfatı məhsullarının qiymətlərinə təsir göstərə bilər”

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında kənd təsərrüfatı sahəsində təsdiqlənən yeni Dövlət Proqramı ilə bağlı paylaşım edib.

Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidenti tərəfindən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə aqrar sektorun inkişafı ilə bağlı strateji hədəflər açıqlanıb. Elə həmin gün “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” təsdiq olunub.

Deputat qeyd edib ki, proqramda konkret və ölçüləbilən hədəf göstəricilərinin müəyyənləşdirilməsi növbəti 5 il üçün aqrar sahədə aydın strateji yanaşmanın formalaşdırıldığını göstərir. Onun sözlərinə görə, kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının 2030-cu ilədək 4 dəfə artırılaraq 6 milyard dollara çatdırılması hədəflənir.

Paylaşımda vurğulanıb ki, mal əti istehsalının ən azı 20 faiz, qoyun əti istehsalının 9 faiz, quş əti istehsalının isə 30 faiz artırılması nəzərdə tutulur. Vüqar Bayramov hesab edir ki, bu göstəricilərə nail olunması ət idxalının azalmasına, bazarda qiymətlərin optimallaşdırılmasına və bəzi məhsullar üzrə ucuzlaşmaya səbəb ola bilər.

İqtisadçı deputat istixana komplekslərinin sahəsinin genişləndirilməsinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, istixana sahələrinin 1500 hektardan 2000 hektara çatdırılması məhsulların mövsümdən sonrakı dövrdə saxlanmasına imkan yaradacaq və qiymət artımlarının qarşısını almağa kömək edəcək.

Vüqar Bayramov əlavə edib ki, Azərbaycanda strateji məhsul hesab olunan buğda istehsalının 20 faiz artırılması da proqramın əsas hədəflərindəndir. Onun fikrincə, bu addım çörəyin qiymətinin optimallaşdırılmasına və idxal inflyasiyasının minimumlaşdırılmasına təsir göstərə bilər.

Deputat vurğulayıb ki, Dövlət Proqramının əsas məqsədləri ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının artırılması, məhsuldarlığın yüksəldilməsi, innovasiya və rəqəmsallaşmanın tətbiqi ilə aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsidir.

Aynur Camal

Oxşar xəbərlər

“Qurban bayramı birlik, mərhəmət və paylaşma ənənəsinin təcəssümüdür”

Aynur Camal

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi

Aynur Camal

Türkiyə geosiyasi gücünü artırır, daxili siyasi balans dəyişir – ekspert Məhəmməd Əsədullazadə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu