14 C
Baku
21 Noyabr 2024, 20:45
Baş xəbər

Dövlət qəzetində prezidentliyə namizədlərin ödənişsiz təşviqat materiallarının dərci üçün püşkatma keçirilib DAXİLİ SİYASƏT

Bugun.tv xəbər verir ki, Yanvarın 15-də rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetinin redaksiyasında prezidentliyə namizədlərin ödənişsiz təşviqat materiallarının səhifələrdə yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib.

Qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin baş redaktorunun müavini, redaksiyada “Prezident seçkilərinə hazırlıq” qrupunun rəhbəri İxtiyar Hüseynli bildirib ki, rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzeti prezident seçkilərinin təbliğat və təşviqat kampaniyasında fəaliyyətini Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında” Təlimatına əsasən müəyyənləşdirib.

Qəzet prezidentliyə qeydə alınmış namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarının dərci üçün həftə ərzində 14 min kv.sm (ümumilikdə 42 min kv.sm), yəni 7 (ümumilikdə 21) səhifə yer ayırıb.

O əlavə edib ki, üç təşviqat həftəsi çərçivəsində 7 namizədin təşviqat materialları qəzetin bazar günü nömrələrində nəşr olunacaq: “Qəzetdə dərc ediləcək təşviqat materialları hər namizəd üçün A-2 formatlı qəzetdə bir səhifə, yəni 2000 kv.sm nəzərdə tutulur. Bu, qanunvericiliyə əsasən ayırmalı olduğumuz həcmdən əhəmiyyətli dərəcədə, 45 faiz daha artıqdır. Yəni, həftəlik qəzet səhifələrinin ümumi həcminin 10 faizindən daha artıq yer təşviqat materialları üçün ayrılmışdır. Bu qərarımız prezidentliyə namizədlərin seçki qərargahları tərəfindən onlara dəstək kimi qarşılandı və yüksək qiymətləndirildi. Digər təklifimiz də seçki qərargahları tərəfindən ən ədalətli və obyektiv təşviqat modeli kimi dəyərləndirilib. Belə ki, biz prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində fərqli bir mexanizm təklif edirik. Hər həftə ardıcıllıq elə müəyyənləşdirilir ki, bütün namizədlər üçün bərabər təşviqat imkanları, bərabər təbliğat şəraiti yaradılır. Beləliklə, reklam materiallarının dərci ardıcıllığında ədalətlilik, bərabərhüquqluluq təmin olunacaq və namizədlərin təşviqat materialları həftələr ərzində səhifələr və mövqelər üzrə dəyişiləcək”.

“Azərbaycan” qəzeti seçki prosesinin dinamikliyini nəzərə alaraq, prezidentliyə namizədlər üçün digər ödənişsiz təşviqat imkanı yaradır. Belə ki, prezidentliyə namizədlərin görüşləri, çıxışları və digər təbliğat fəaliyyətləri də bərabərlik qorunmaqla, qəzetdə ödənişsiz əsaslarla dərc ediləcək.

Sonra namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə qəzetdə dərc ediləcək ödənişsiz təşviqat materiallarının ardıcıllığını müəyyənləşdirən püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən dərc ardıcıllığı belə müəyyənləşib:

1. Elşad Musayev

2. Fuad Əliyev

3. Fazil Mustafa

4. Zahid Oruc

5. İlham Əliyev

6. Qüdrət Həsənquliyev

7. Razi Nurullayev

Qeyd edək ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar artıq seçki marafonunun əsas mərhələlərindən biri olan seçkiqabağı təşviqat dövrü başlayıb. Qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Mənbə: report.az

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

İstehlak üçün qoz-fındıqları necə düzgün hazırlamaq olar. Onları sadəcə yumaq lazım deyil

Aynur Camal

“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi baş tutdu

Aynur Camal

Rusiya Xarici İşlər Nazirliyinə kiberhücum: “Görünməmiş miqyasda”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu